
"Hər iki komandanı təbrik edirəm. Gözəl oyun oldu. Öz futbolçularımı xüsusilə təbrik edirəm. Layiqli qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda Kipr "Aris"inə 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, sabahdan növbəti mərhələnin görüşünə hazırlaşacaqlar: "Bu gün qələbəni günün sonunadək qeyd etmək lazımdır. Sabahdan isə digər oyunu düşünməliyik. Növbəti rəqibimiz Avstriyanın "Rapid" (Vyana) klubu olacaq. Azarkeşləri xüsusi vurğulamalıyam. Onlar bu gün bizə inanılmaz dəstək oldular".
Rumıniyalı baş məşqçinin sözlərinə görə, bugünkü start heyəti heç də "Aris"ə hesablanmış "11-lik" olmayıb: "Futbolçular növbəti oyunda da canlarını qoymalıdırlar. İlk oyundan sonra keçirilən mətbuat konfransında da demişdim ki, biz hələ tam hazır deyilik. Mamadu Mbodj üçün cinahda oynamaq yenidir. Ancaq o, çox güclü oyunçudur. Bu gün mükəmməl oyun nümayiş etdirdi".
O, oyundan razı qaldığını söyləyib: "Futbolçuların üzərində böyük təzyiq vardı. Çünki Kiprdən məğlub qayıtmışdıq. Orada ikinci hissənin əvvəlində yaxşı oyun nümayiş etdirməmişdik. Ancaq deyə bilərəm ki, komandam bu gün göstərdiyi oyundan daha yaxşısına qadirdir".
Regekampf "Növbəti mərhələ üçün yeni transfer ola bilərmi" sualına belə cavab verib: "Düşünürəm ki, heyətimiz komplektləşib və yeni transferə ehtiyac yoxdur".
Mütəxəssis oyundan sonra baş verən insidentə də toxunub: "Gərgin matç idi. Bu da hamıya təsir etmişdi. Bizim tərcüməçi də gəncdir, çılğındır. O da özünü necə aparmağı öyrənəcək. Heç bir pul cəriməsi tətbiq etməyəcəyik".