"Sabah bizi ağır qarşılaşma gözləyir. Bu matçda qələbə qazanıb, cavab görüşünə üstün yollanmaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Azər Salahlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Asvtriya "Rapid"i ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
28 yaşlı sol cinah müdafiəçisi Kipr "Aris"i ilə II təsnifat mərhələsinin cavab oyununu (3:0) unutduqlarını bildirib: "Ötən mərhələsinin cavab görüşündə yaxşı qələbə qazandıq. Hazırda komandada ab-hava çox yaxşıdır. Ancaq "Aris"lə görüş artıq geridə qalıb. Bütün diqqətimiz sabahkı qarşılaşmayadır".
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.