
"Keçən il deyir və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi".
Spornet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis qarşılaşmanın VAR-a baxılmasından ötrü 6 dəqiqə dayandırılmasına qarşı çıxıb: "Baş hakim Rəvan Həmzəzadəyə həmin epizoddan əvvəlki an göstərilmədi. Axı buna elm lazım deyil. VAR-a görə 6 dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib də istirahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqayıt" əks-hücuma çıxdı. Hansısa qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir".
Sadıqov VAR-a daha təcrübəli referilərin təyin olunmasını istəyib: "Referi dedi ki, futbolçuya toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get, özün bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar. Görüşün bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir".
Baş məşqçi hakimlərin bəzi səhvlərini qabartmadığını sözlərinə əlavə edib: "Belə epizodlar çox olur. VAR-dakı hakim niyə epizodu bir saniyə geri çəkmirdi? Ona da baxmaq lazımdır. Özü də VAR-da oturub. Sanki həmin epizod xətkeşlə kəsilmişdi.Ötən mövsüm haqsızlıqlar oldu. Hakim səhvləri var idi, amma qabartmırdıq. 30 ildir futboldayam və bəzən elə epizodlar olur ki, hakimin səhv edə biləcəyini görürsən. Amma Rəvan Həmzəzadə 6 dəqiqə nə barədə danışırdı? Mən onun nə danışdığını eşidirdim. Amma VAR-dakı hakim tələb edirdi ki, getsin epizodun təkrarına baxsın".