UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edəcək "Qarabağ" sıx qrafiklə üzləşib.
Sportnet.az-ın məlumatına görə, "köhlən atlar" 23 gün ərzində 6 qarşılaşma oynayacaq.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda avqustun 27-də Premyer Liqanın IV turunda "Şamaxı"nı qəbul edəcək. 2 - 4 sentyabra təsadüf edəcək V turda Qəbələdə "Kəpəz"in qonağı olacaq ölkə çempionu sentyabrın 8-də Avropa Liqasında ilk matçına çıxacaq.
Daha sonra Ağdam təmsilçisi 9 - 11 sentyabrda "Sabah"ı qəbul edəcək. Sentyabrın 15-də qrup mərhələsində ikinci görüşünə çıxacaq "Qarabağ" 16 - 18 sentyabrda isə "Zirə"nin qonağı olacaq.
Qeyd edək ki, Premyer Liqada III turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən ertələnib. Bakıda Plzen təmsilçisi ilə qolsuz heç-heçə edən "Qarabağ" Çexiyada rəqibinə 1:2 hesabı ilə uduzaraq qitənin bir nömrəli klub turniri ilə vidalaşıb.