"Qol şanslarından yararlana bilmədik. Əvvəlki matçlarda xeyli güc sərf etmişdik. Havanın da təsiri oldu. Amma heç bir problem yoxdur. Yolumuza davam edirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Səbail"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, bu mövsüm bir çox komanda onlara qarşı belə qapalı oynayacaq: "Kollektivlər arasında ciddi səviyyə fərqi yoxdur. Azarkeşlərin oyundan zövq almasına çalışırıq. "Səbail" kimi komandaları udmağın yollarını tapmalıyıq".
O, gənc qapıçı Nicat Mehbalıyevin ehtiyatda qalmasına da toxunub: "Nicat da, Yusif də yaxşı qapıçılardır. Bu oyunlarda Yusifə üstünlük verdik. Ancaq digərinə də güvənirik və onun da özünü göstərməsi üçün zamanı olacaq. Nicat sizin qohumunuzdur? Neçə oyundur ki, qol buraxmırıq, siz niyə onu soruşursunuz? Bizim hələ üçüncü qapıçımız da var. O da yaxşıdır. Mehbalıyevi itiririk? O, hazırda paltardəyişmə otağındadır".
Rusiyalı baş məşqçi İldar Alekperov və Tellur Mütəllimovun döyüşkən yox, daha çox texnikalı futbolçu olduğunu söyləyib: "Döyüşkən Elvin Camalovdur. Ola bilərdi ki, oyunun axarını dəyişərdik. Qol vursaydıq, indi başqa cür danışardıq".
Musayev Azərbaycan çempionatında heç bir oyunun asan olmadığını vurğulayıb: "Hamı bizdən xal qoparmağa çalışır. Konsentrasiyanı itirməməliyik. Əvvəlki turlarda layiqli qələbələr qazandıq. Düşünürəm ki, bunu xarakterimiz sayəsində etdik. Amma yenə də çox işləməliyik. Sizin hansı sualları verməyi xoşladığınızı mən bilirəm (gülür). "Neftçi" ilə, "Qarabağ"la çempionluq mübarizəsi apara bilərsiniz? (gülür). Buna heç vaxt cavab verməyəcəyəm. Yalnız oyundan-oyuna irəliləmək lazımdır. Mənim üçün vacib oyun növbəti turdur".
Onun sözlərinə görə, 10 komandanın hamısı çempionluğa iddia edə bilər.
Mütəxəssis matçın son dəqiqələrində Mahmud Qurbanovla mübahisəsinə də aydınlıq gətirib: "Bəli, bir az emosional davrandım. Bu, qalib gəlmək istəyinə görə idi. Oyundan sonra Qurbanovla danışdıq, əl sıxışdıq və bir-birimizə uğurlar arzuladıq. Bu futboldur, belə hallar olur. Hakimliyə gəldikdə, hər hansı narazılığım yoxdur. Sadəcə çox istərdim ki, hakimlər rəqibləri daha cəld, tez davranmaları, topu oyuna dərhal daxil etmələri üçün tələsdirsin. Dayanmalar daha az olsa, yaxşıdır. Ancaq dediyim kimi, hakimliklə bağlı hər hansı narazılığım yoxdur".