"Oyunun gərgin keçəcəyi gözlənilirdi. Çünki ardıcıl 4 matçda qələbə qazanan komandaya qarşı oynayırdıq. Bizim də xala ehtiyacımız var idi. Düşünürəm ki, pis oynamadıq, əlimizdən gələni etdik. Qol fürsətlərimiz oldu. Müdafiədə səhvsiz oynadıq. Bu mövsüm ilk görüşdür ki, qol buraxmadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov səfərdə "Sabah"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
O, rəqibə qarşı fərqli taktika seçdiklərini bildirib: "Sabah"ın ən güclü tərəfi sol cinahdır. Bu gün oranı bağladıq və rəqibin hücumlarının qarşısını ala bildik. Bütün komanda yaxşı oynadı. Heç kimi fərqləndirmək istəməzdim".
49 yaşlı mütəxəssis hakim idarəçiliyini də dəyərləndirib: "Hakimlərin hamısına böyük hörmətim var. 2-3 oyunda epizodlar oldu ki, rəqibin qapısına penalti olub-olmadığına baxmaq mümkün idi. Qarşıda matçlarımız var. Bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, xal ehtiyacımızı artıraq".
Qurbanov futbolçularının olduqca aqressiv oynamasına da toxunub: "Biz özümüz də bunu istəyirik. Çünki mübarizələr olmalıdır. Bunlardan da qalib çıxmaq lazımdır. Uşaqlar bu gün aqressivliyini göstərdi. Onsuz olmaz".
Baş məşqçi oyun zamanı həmkarı Murad Musayevlə mübahisə etməsinin səbəbini də açıqlayıb: "Hərdən emosiaları cilovlamaq olmur. Matçdan sonra övladı ilə dayanmışdı. O da emosialar olduğunu bildirdi. Hamı istəyir ki, öz komandası udsun. Ona görə də bunlar başadüşüləndir. Musayevlə aramızda ciddi narazılıq yox idi. Sadəcə, bir-iki söz atışması oldu, vəssalam. Qlobal heç nə baş vermədi".