"Sumqayıt" klubunun baş məşqçisi Aleksey Baqaya qarşı intizam işi açılmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov açıqlama verib.
Onun sözlərinə görə, "gənclik şəhəri" təmsilçisinin "Neftçi" ilə Misli Premyer Liqasının V tur oyunundan sonra səhhəti pisləşdiyi üçün mətbuat konfransına qatılmayan belaruslu mütəxəssisə cəza verilməyəcək: "Həmin matçın AFFA nümayəndəsi mən idim. Final fitinə 2 dəqiqə qalmış Baqanın təzyiqi qalxdı. Özündə deyildi, ayaq üstdə dura bilmirdi. Həkim gəlib təzyiqini ölçdükdən sonra baş məşqçini stadiondan çıxardılar".
Hüseynov bildirib ki, bu, fors-major hal olduğundan, baş məşqçinin əvəzinə köməkçisinin mətbuat konfransında iştirakına icazə verilir: "Bu, səhhətlə əlaqədar məsələdir. Baqa jurnalistlər önündə çıxış etməli idi. Amma səhhəti imkan vermədiyi üçün mətbuat konfransına Rail Məlikov çıxdı".
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" görüşü qonaqların 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.