"Çempionatımızda belə oyunun olması xoşdur. Azarkeşlər nəticədən asılı olmayaraq sevinirdilər. Çünki 9 ildən sonra Qərb derbisi qayıtdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis önəmli qarşılaşma olduğunu və qələbə qazanmaq istədiklərini bildirib: "Kəpəz"də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik. Komanda tapşırıqları yerinə yetirdi. Nizam-intizamı sona qədər qoruduq. İstədiyimiz qolları vura bildik. Oyundan oyuna artırmalıyıq".
Abbasov gənc oyunçulara güvəndiyini söyləyib: "Onlar getdikcə özünəinamını artırırlar. Azarkeşlərimizi təbrik edirəm. Möhtəşəm idilər. Həqiqətən də futbola layiq atmosfer var idi. Qarşıda bizi çətin oyunlar gözləyir. Ciddi hazırlaşacağıq”.
O, "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədovun rəqibdən daha yaxşı oynamaları ilə bağlı səsləndirdiyi fikirləriə də toxunub: "Hər kəsin öz yanaşması var. Mənə görə nəticə önəmlidir. Nəticə olmayanda inam artmır. Bəlkə də onlar topa daha çox nəzarət etdilər. Amma bu, üstünlük deyil. Hər rəqibə qarşı fərqli hazırlaşırıq. Səhvlər var, onları düzəltməliyik. Bu gün müdafiə xəttimiz yaxşı oynadı".
Baş məşqçi təməli güclü olan komanda yaratmaq istədiklərini söyləyib: "Transferlərimiz də buna hesablanıb. Sonadək mübarizə aparacağıq. Hər şey ola bilər. Avrokuboklara düşmək istəmədiyimizi desək, yalan olar. Amma qarşımıza belə bir hədəf qoymamışıq".
Mütəxəssis gənc futbolçu Abbas Ağazadənin çıxışını da dəyərləndirib: "Heyətdəki gənclərin hər biri artırıb. Komandada yaxşı rəqabət var. Abbasın da özünə inamı artır. Premyer Liqa klubunda məşq edib, əvəzetmədən oyuna daxil olmaq onlar üçün böyük stimuldur".
Abbasov Azərbaycan milli komandasına "Turan Tovuz"dan da futbolçu çağırılacağına inandığını bildirib: "Qapıçı Tərlan Əhmədli və müdafiəçi Şəhriyar Əliyev milliyə düşməyə layiq oyun sərgiləyirlər. İnanıram ki, digər gənclərimiz də yığmanın qapısını döyəcəklər. Xəyal Nəcəfovun mövqeyində millidə futbolçu çoxdur. Amma o da xzeyli artırıb. Oyunçuma inanıram".
O, I Divizionda mübarizə aparan əvəzedici komandanın da yaxşı təsir bağışladığını vurğulayıb: "İnanıram ki, bu cür davam edəcəklər. Bu, oradakı məşqçilər heyətinin işinin nəticəsidir. Müqavilə bağlayanda demişdim ki, rəhbərlik əsas və digər komandalar arasında sıx əlaqələrin olmasını istədiyini bildirmişdi. Hazırda çox yaxşı mühit var. Əvəzedici komandadan nəticə istəmirik. Nəzarətimizdə olan futbolçular var. Onların bəzisini əsas komandada görə bilərik".
Baş məşqçi sonda azarkeşlərdən dəstək istəyib: "Onlarla tez-tez görüşürük. İstərdik ki, sonadək komandanın arxasında olsunlar. Buna ehtiyacımız var. Sağ olsunlar, məşqlərimizə gəlirlər, tort gətirirlər, qələbə qazandığımız matçlardan sonra uşaqları qonaq aparırlar. Burada çox əla mühit var".