"Daha yaxşı oynayıb, çox xal yığa bilərdik. Potensialımız buna imkan verir. Bəzi görüşlərdə bacardığımızdan aşağı səviyyədə çıxış etdik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi futbolçusu Emin Mahmudov Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi Slovakiyaya qarşı çox yaxşı mübarizə apardıqlarını və sona kimi döyüşdüklərini bildirib: "Bu, bizə kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirməmişdi, bəzilərində yaxşı oynamamışdıq. Qələbələr bizə inam verir. İnşallah, davamlı olacaq".
Ötən tur səfərdə Slovakiyanı 2:1 hesabı ilə məğlub edən yığma Mahmudovun kapitan olduğu 2-ci oyunda da qələbə qazanıb. Amma futbolçu əldə olunan nəticələrin kapitanlıqla bağlı olmadığını vurğulayıb: "Maksim Medvedev və Qara Qarayev də bunu çox yaxşı yerinə yetirirdi. Sadəcə, belə oldu. Onunla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.