
Yunanıstanın "Olimpiakos" klubunun iki əsas futbolçusu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.
Sportnet.az-ın məlumatına görə, qapıçı Tomaş Vatslik Çexiya millisinin heyətində sıradan çıxıb.
33 yaşlı qolkiper səfərdə İsveçrəyə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında xəsarət alıb. Onun yerinə meydana 46-cı dəqiqədə Yindrjix Stanek daxil olub.
Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.