
"Bu qələbə bizə lazım idi. Futbolçularımızı təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının IX tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
51 yaşlı mütəxəssis oyunun heç də asan keçmədiyini bildirib: "Matça yaxşı başladıq. Rəqib də udmaq istəyirdi, bura qələbə üçün gəldikləri görünürdü. İkinci hissədə topa yiyələnmə daha çox rəqibdə idi. Lakin əks-hücumlarda hesabı artırmaq üçün yaxşı imkanlarımız qazanmışdıq. Təəssüf ki, əksər qarşılaşçmalardakı kimi, bu oyunda da qol imkanlarından yararlana bilmədik".
Komandasından razı qaldığını söyləyən Qurbanov zədəlilərin durumundan narahatlıq ifadə edib: "Məni daha çox narahat edən məqam oyunçularımız Emil Balayev və Ruslan Hacıyevin zədələnməsidir. Hacıyevi oyuna məcburən qoşduq. Samir Abdullayevi birinci hissə bitdikdən sonra əvəzləmək istəyirdim. Hacıyev ötən matçda zədələndiyi üçün mərkəz müdafiəçisi Abdullayevi məcburən sağ cinaha qoymuşduq, amma oyunu alınmadı. Məcburən Ruslanı meydana buraxdıq. Çünki onun cinahda yaradıcılığı yüksəkdir. Risk etsək də, təəssüf ki, köhnə zədəsi büruzə verdi və biz meydandan çıxarmalı olduq. İki mərkəz müdafiəçimiz olmasa da, yaxşı çıxış etdik. Nihat Qurbanlı və Cabir Əmirlini yenə arxa xəttə qoydum. Onlar heç də pis oynamadılar. Müdafiə xəttimiz yaxşı idi. Top daha çox rəqibdə olsa da, qol epizodları demək olar ki, yox idi. İrəli baxacağıq. Yolumuza davam edəcəyik".
Baş məşqçi zədəlilərin durumundan hələlik xəbərsiz olduğunu söyləyib: "Balayevdə diz, topuq, yoxsa əlinin zədələndiyindən xəbərsizəm. Bunu paltardəyişmə otağında biləcəyəm. Hacıyevdə isə zədə ötən turdan qalıb. Zədələrinin ciddi olmadığına ümid edirəm. Hər ikisi əsas oyunçularımızdandırlar".
Qurbanov komandası üçün ilk dövrəni belə dəyərləndirib: "Nəticə baxımından ilk dövrəni yaxşı qiymətləndirmirəm. Xal ehtiyatımız 8 yox, daha çox olmalı idi. Amma oyun baxımından müdafiədə fərdi səhvlərimiz əksər görüşlərdə bizə baha oturdu. Amma uşaqlardan razıyıq. Futbolçularımız məşq və oyunlarda əllərindən gələni edirlər. Qarşıda 3 dövrəmiz var, hazırlaşacağıq".