
"Flora" komandası sona 5 tur qalmış Estoniya çempionu olub.
Sportnet.az-ın məlumatına görə, Tallin klubu 10 komandalı çempionatın XXXI turunda səfərdə "Vaprus"u darmadağın edib - 7:1. Bununla da məğlubiyyətsiz oyunlar seriyasını 46-ya çatdıran paytaxt təmsilçisi ən yaxın izləyicisi "Levadiya"nı 15 xal geridə qoyub. İki komanda arasındakı şəxsi görüşlərdə "Flora" 2 qələbə və 1 heç-heçəyə nail olub. Bu səbəbdən, "Levadiya"nın nəzəri cəhətdən də lideri üstələmək imkanı qalmayıb.
"Flora" isə qalan 5 turda 4 qələbə qazansa, Estoniya çempionatları tarixində xal rekorduna imza atacaq. Hazırda bu rekord 2009-cu ildə 36 oyundan 97 xalla çempion olmuş "Levadiya"ya məxsusdur. "Flora" sonuncu dəfə 2020-ci ildə qızıl medalları qazanıb.
Qeyd edək ki, 14 qat Estoniya çempionu olan komandanın heyətində "Qəbələ"nin sabiq hücumçusu Sergey Zenyov (2015 - 2017) da yer alıb.