"Azarkeşlərimizə təşəkkür edirəm. Onları səbirli olmağa çağırıram. Sıfırdan formalaşmışıq və gənc futbolçularımız var".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis rəqibin heyətində təcrübəli oyunçuların olduğunu bildirib: "Dinamik futbol oynayırlar. Onlara qarşı oynamaq çətindir. Ancaq sona qədər mübarizə apardıq. Əks-hücumda oynamaq istəyirdik. Bəzən alınırdı, bir neçə imkanımız oldu. Qol buraxsaq da, toparlana bildik. Hədəfimiz xal və xallar qazanmaqdır. Bu, hər şeyin yaxşı olması demək deyil. Üzərində işləyəcəyimiz çox şey var".
Onun sözlərinə görə, “Qəbələ” kimi komandadan xal almaq əlavə motivasiya verəcək: "Hər oyunda sona qədər mübarizə aparırıq. Sadəcə, son dəqiqələrdə qollar buraxırdıq. Bəxtsizlik bizdən əl çəkmir. Hər oyuna nizam-intizamla hazırlaşırıq. Bu xal bizə motivasiya verəcək".
Əsgərli bildirib ki, qol buraxanda bütün komandanın səhvi olur: "Təcrübəli futbolçular gənclərin inkişafı üçün çox vacibdir"
O, "Qışda heyətə legioner cəlb edilməsi müzakirə olunacaqmı" sualına isə belə cavab verib: "Rəhbərliklə belə görüşümüz olmayıb. Qış fasiləsi ərəfəsində danışıb, qərar verəcəyik. Biz də istərdik ki, legionerlər olsun. İstəyirik, belə davam edək. Qəti bir şey yoxdur. Rəhbərlik nə qərar versə, elə də olacaq".