"Bizi çətin oyunun gözlədiyini bilirdik. Həftə ərzində bir neçə zədəli oyunçumuz oldu. Məşqlərdə 14-15 futbolçu iştirak edirdi. Bu səbəbdən, hazırlıq prosesində əziyyət çəkdik. Buna görə də 3 xal qazandığımız üçün sevinirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının X tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Rumıniyalı mütəxəssis Gəncə şəhər stadionundakı ab-havadan razılıq ifadə edib: "Burada çox gözəl mənzərə, ətrafda azarkeşlər var. Həmişə belə ab-havanın olmasını istərdim".
Regekampf sönük görünmələri fikri ilə razılaşmayıb: "Böyük şanslar əldə edəndə düzgün yararlanmırdıq. Oyunu daha erkən bitirməli, 2-3-cü qolları vurub daha da asanlaşdırmalı idik. Həmişə belə olur: Rəqib bir oyunçu azlıqdadırsa, bu cür alınır. "Kəpəz" öz azarkeşləri önündə yaxşı oyun sərgiləyir. Digər komandalara da asan olmayacaq".
Baş məşqçi növbəti tur "Sabah"a qarşı keçirəcəkləri matça hazırlaşacaqlarını da əlavə edib.