"Bu gün "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bu cür matçlarda müdafiədən oynamağa məcbur qaldıqlarını bildirib: "Bəzi futbolçuların gücü tükənəndən sonra qapımızda qol gördük. Növbəti görüşlərə hazırlaşacağıq. Vaxt keçdikcə daha yaxşı olacağıq. Buna əminəm. Hücum xəttində bəzi problemlərimiz var. Soyuq başla hər şeyi analiz etdikdən sonra vəziyyətdən çıxmalıyıq".
Abasov komandanın 10 matçda cəmi iki qol vurmasını xatırladıb: "Bəlkə də azarkeşlərdə küskünlük var. Amma bu cür qarşılaşmalar gələcəyə ümid verəcək. Qışı səbirsizliklə gözləyən insanlardan biriyəm. Nə qədər çox oyunçu qazana bilsəm, transfer dönəmində futbolçu götürmək baxımından işimiz azalar. Hazırda çıxış yolumuz kollektiv oyun sərgiləməkdir".
Baş məşqçi qış transfer dönəmində heyəti özü yığacağını söyləyib: "Hər oyundan, məşqdən sonra rəhbərliklə görüşürük. Pozitiv olmağımın arxasında rəhbərlik dayanıb. Hamımız bu vəziyyətdən birlikdə çıxmaq istəyirik. Məndən çox onlar arı kimi çalışırlar. Əlbəttə, komandanı məndən başqa heç kim yığmayacaq".
Abasov "Aleksey Baqa bildirmişdi ki, heyəti o qurmayıb. Qış fasiləsində sırf sizin istədiyiniz oyunçuların transfer olunacağı ilə bağlı rəhbərliklə razılığınız olub?" sualını belə cavablandırıb: "Mən Aleksey Baqa ilə bağlı ümumiyyətlə şərh vermək istəmirəm. Təsəvvür edin, mən deyirəm ki, heyəti mən yığmamışam. Onda adama deyərlər ki, bəs burada nə işin var? Əlbəttə, belə şeylər yoxdur. Onu demək belə özünü ləkələməkdir".
Baş məşqçi turnir cədvəlinin sonuncu pillələrində yer almalarına rəğmən, yarışı tərk etmək fikrində olmadıqlarını də diqqətə çatdırıb: "Bilmək olmaz çempionatı kim tərk edəcək. Sonuncu yerdə olmaq istəmirik. Mayda turnir cədvəlində nələrin baş verəcəyini indidən deyə bilmərəm. Ola bilər ki, komandada ən yaxşı kimi gördüyünüz oyunçu ilə qışda yollarımızı ayıraq. İstəyim odur ki, qışa kimi bir oyun sistemi olsun və futbolçular buna oturuşsunlar. Komandanı da onların ətrafında quraq. Nə qədər çox futbolçu qalsa, işimiz yüngülləşər. Çempionatı tərk etmək haqqında ümumiyyətlə fikirləşməmişik".