“Parlaq oyuna şahidlik etdik. 90 dəqiqə ərzində meydanda gərginlik vardı. Vurduğumuz qolların keyfiyyətli olması xoşdur. Bəzi anlarda rəqib üstünlüyə yiyələnirdi. Hesab 3:0 olarkən 4-cü, 5-ci qolları vurmaq olardı. Heç vaxt arxayınlaşmaq olmaz. Səhvlərimizi düzəltməli, gələcəkdə daha yaxşı oynamalıyıq”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalinb gəldikləri Misli Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, bugünkü nəticələr təkcə onun uğuru deyil: "Rəhbərliyin də, futbolçuların da qazandığımız uğurlarda rolu var. Lakin indidən uğur barədə danışmaq tezdir. Yalnız mövsümün sonunda komandanın nəticəsi barədə danışmaq olar. Artıq bugünkü qələbəni unudub “Qəbələ” ilə qarşılaşma barədə düşünmək olar".
39 yaşlı baş məşqçinin sözlərinə görə, "Neftçi" ilə görüşü Rusiya Premyer Liqasının matçları ilə müqayisə etmək olar: "Düşünürəm ki, biz və “Neftçi” Rusiyada ilk 8-likdə ola bilərik. “Qarabağ” isə 100 faiz Rusiyada “Zenit”lə çempionluq uğrunda mübarizə apara bilər. Azərbaycan çempionatı barədə fikrim tam dəyişib. Bu gün hətta “Şamaxı”nı da asanlıqla uda bilməzsən".
O, hesab 3:0 olduqdan sonra komandasının sakitləşməsinin səbəbini də açıqlayıb: "Bu, psixologiyadan irəli gəlir. Bir vacib oyunçumuzun zədələnməsinin də çıxışımıza təsiri oldu. Rəqib ilk qoldan sonra daha da fəallaşdı. Bir səhv bizə baha başa gələ bilərdi. Lakin bugünkü oyun bizim üçün dərs olmalıdır. Meydanda 90 dəqiqə mübarizə aparmaq lazımdır".
Musayev "Qarabağ”ın hegemonluğuna son qoymağın çox çətin olduğunu vurğulayıb: "Gənc klubuq. “Sabah” cəmi 5 ilin komandasıdır. İlk addımlarımızı atırıq. Bu gün “Qarabağ” barədə düşünməməli, turnir cədvəlinə baxmamalıyıq. Bu gün yalnız növbəti matç barədə düşünməliyik. 4-5 il komanda ilə işləsəydim, deyərdim ki, bəli, “Qarabağ”la mübarizə apara bilərik. Amma bu gün yalandan söz vermək istəmirəm".
Mütəxəssis Davit Volkovun "Sabah"da "Zirə"dəkindən zəif çıxış etməsinə dətoxunub: "Razıyam, Volkovun böyük potensialı var. O, daha yaxşı oynaya bilər. Məşqlərdə özünü çox yaxşı tərəfdən göstərir. Düşünürəm ki, tezliklə irəliyə doğru inamlı addım atacaq".
Baş məşqçi Aleksey Kaşukun zədələndikdən sonra ağladığını bildirib: "Həkimlər də narahat idi. Xəstəxənaya apardılar. Qorxuram ki, sınığı olar".