"Futbolda belə hallar olur. Öz oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq. Amma irəliyə baxmalı və Bakıda "Frayburq"u məğlub etməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransada "Nant"la 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
30 yaşlı hücumameylli yarımmüdafiəçi Bakıda Almaniya "Frayburq"una qarşı keçirəcəkləri VI tur matçının finala bərabər olacağını bildirib: "Qrupdan çıxmaq hədəfimizdir. İnanıram ki, Bakıda istədiyimiz nəticəni əldə edəcəyik".
Vaxtilə Fransada oynadığını xatırladan Zubir bu ölkədə möhtəşəm azarkeşlər və əla atmosfer olduğunu söyləyib: "Buraya qayıtmaq mənim üçün gözəldir. Fransada ailə üzvlərim, dostlarım var. Buna baxmayaraq, Nantdan məyus qayıdıram".