
"Komandanı, rəhbərliyi və azarkeşlərimizi təbrik edirəm. Xarakter göstərdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis görüşün əvvəllərində hesabda geri düşdüklərini xatırladıb: "Son dəqiqəyədək mübarizə apardıq. Bu, vacib idi. İşlərimiz çoxdur. Bu qələbə bizim üçün önəmli idi. Yorulmadıq. Bunlar məşqlərdə səylə çalışmağımızın nəticəsidir. Mən sizə bir şey demək istəyirəm. Rəqiblər bundan sonra hər kiçik toxunuşda yerdə qalacaqsa, biz topu kənara çıxarmayacayıq. İki dəqiqədən bir yerə uzanacaqlarsa, oyunumuza davam edəcəyik. Bunun feyr-pleylə əlaqəsi yoxdur".
Rusiyalı baş məşqçi belə şeylərə görə tempin aşağı düşdüyünü söyləyib: "Avrokuboklarda belə oynanılacaq? Futbol hiyləgərliyi var. 1-2 dəfə edilməsi qəbuldur, amma 10-15 dəfə təkrarlanırsa, düzgün deyil. İlk dəqiqədən belə bir şey olmamalıdır. Bu gün "Şamaxı" - "Qarabağ" oyununa baxdım. İlk hissədə "Şamaxı"nın bütün oyunçuları yerə yıxılırdı. Ciddi zədə olsa, başa düşərik, amma belə yox".