AFFA İntizam Komitəsi "Neftçi"ni 800 manat məbləğində cərimələyib.
Sportnet.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna "ağ-qaralar"ın səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdiyi Premyer Liqanın XIII tur oyununa gecikməsi səbəb olub.
"Gənclik şəhəri" təmsilçisi isə stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilməməsinə görə eyni məbləğdə cərimə ödəyəcək. Bundan başqa, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə klub 4000 manat ziyana düşüb. 44 yaşlı mütəxəssis isə 5 oyunluq diskvalifikasiya olunub.
"Səbail" - "Sabah" (0:2) oyununda PFL-in futbol himninin səsləndirilməməsi meydan sahiblərinə 800 manata başa gəlib.