“Oyuna hazırlıq tam ciddi şəkildə gedib. Həftə ərzində məşqçilərin verdiyi tapşırıqlar üzərində işləyib qarşıya qoyulanları yerinə yetiməyə çalışmışıq. Bu tapşırıqların öhdəsindən oyunda da gəlib qələbə qazanmaq istəyirik”.
Sportnet.az xəbər verir ki, bu sözləri "Kəpəz"in qapıçısı Orxan Sadıqlı Misli Premyer Liqasının XIV turunda “Turan Tovuz"a qarşı keçirəcəkləri oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
29 yaşlı qolkiper bildirib ki, qərb derbisinin atmosferi tam fərqlidir: "Doğma meydanda azarkeşlərimizin qarşısında oynayacağıq. Revanş almaq üçün meydana çıxacağıq. Ev və fanat amilindən lazımınca istifadə edib qalib gəlmək fikrindəyik”.
Sadıqlı komandada əhval-ruhiyyənin yaxşı olduğunu, oyuna motivasiya ilə çıxacaqlarını bildirib: “Psixoloji durumumuz yerindədir. Qələbə qazanmaq üçün hər şey öz əlimizdədir. Yenə deyirəm, tapşırıqları düzgün yerinə yetirə bilsək, sevinən tərəf biz olacağıq”.
O, derbi öncəsi azarkeşlərə də səslənib: “Fanatlarımıza minnətdaram, ev və ya səfər oyunu demədən bizi hər görüşdə tribunadan dəstəkləyirlər. Derbidə də onları stadionda görmək istəyirik. Sona qədər bizə dəstək olsunlar. Əmin olsunlar ki, futbolçular final fitinə kimi layiqli şəkildə mübarizə aparacaqlar”.
Qeyd edək ki, bu gün keçiriləcək "Kəpəz" - "Turan Tovuz" görüşü saat 14:30-da başlayacaq.