“Şamaxı” 90 aydan sonra Azərbaycan Premyer Liqasında iki oyunda məhsuldarlıq nümayiş etdirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda buna səfərdə "Turan Tovuz"u 3:1, evdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etməklə nail olub.
Bölgə təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub.
7 il 6 ay əvvəl klub hələ Bakı “İnter”i adı altında çıxış edirdi. Komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, “Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.