Futbol üzrə Şimali Makedoniya milli komandasının baş məşqçisi Blaqoya Milevski Azərbaycan yığmasını keyfiyyətli komanda adlandırıb.
Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
Azərbaycanla yanaşı Finlandiya yığması ilə də qarşılaşacaqlarını xatırladan Milevski bu rəqiblərin təsadüfən seçilmədiyini bildirib: "Bizi seçmə mərhələyə hazırlıq xarakteri daşıyan iki qarşılaşma gözləyir. Yığma üçün faydalı olacaq müxtəlif variantları sınayacağıq. Finlandiya super komandadır, onların son püşkatmada ikinci səbətdə olması təsadüfi deyildi. Qarşıdakı matçlar bizə istiqamət verəcək. Bilirsiniz ki, yaxşı kollektivimiz var və buna görə də keyfiyyətli rəqiblərlə sınaq oyunlarına ehtiyac duyuruq".
O, yoldaşlıq matçlarında bəzi dəyişikliklərin olacağını istisna etməyib: "Son matçlar bizə əlavə nə etməli olduğumuzu başa düşmək üçün yol göstərdi".
Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.