"Oyuna itkilərlə çıxmışdıq. Amma onları əvəz edən oyunçularımız var idi".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.
O, rəqibin möhtəşəm komanda olduğunu bildirib: "Ona görə sevinirəm ki, belə bir kolektivlə oyunda uğurlu seriyanın davamını gətirə bildik. 90 dəqiqə futbolçularım mübarizə apardılar. Onlara təşəkkür edirəm. Futbolçulara çoxlu təzyiq olur. Amma biz bir ailəyik. Onları bağrıma basıram. Rəqibə uğurlar arzu edirəm".
Mütəxəssis ilk dövrədə evdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları matçı da xatırlayıb: "Həmin oyunda da görürdük ki, heç də sürpriz nəticəyə oxşamır. Görüşün əlavə vaxtında standart vəziyyət zamanı diqqətsizlikdən qol buraxdıq. Bu gün istədik ki, səhv etməyək. Hətta qələbə də qazana bilərdik. Uğurlu seriyanın ardı sürpriz ola bilməz. Əvvəllər məğlub olurduq. Bu, çox çətin idi. Futbolçularım uzun marafonda olduğumuzu bilir. Ona görə sabahdan “Zirə” ilə matça hazırlaşacağıq".