"Sabah" klubunun futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Azərbaycan Premyer Liqasında yubiley oyununa çıxıblar.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turda "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matçda gerçəkləşib.
Onlar müvafiq olaraq 150 və 100-cü çempionat görüşünü keçiriblər. İkinci hissədə meydana daxil olan Mütəllimov məhz Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb.
İlk oyunu 2015/16 mövsümünə təsadüf edən Tellur Mütəllimov “Zirə”də 63 qarşılaşmada 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.
Debütü 2018/19 mövsümündə reallaşan Amin Seydiyev “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 qarşılaşmada 2 qola imza atıb.