"Əslində Geryenin epizodunda ən doğru qərar penalti və ikinci sarı ilə meydandan qovulma ola bilərdi. Çünki top hücumçuya çatmamışdı".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Premyer Liqanın XX turunda keçirilən “Neftçi” - “Zirə” (1:0) matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Donald Geryenin qırmızı vərəqə aldığı epizodu dəyərləndirərkən deyib.
Türkiyəli mütəxəssisin fikrincə, baş hakim Rəşad Əhmədovun oyundankənar vəziyyət qərarı verdikdən sonra VAR-a baxaraq haitili müdafiəçini meydandan qovması doğru qərar deyildi: "Həmin oyunda hakimlərimiz ən az doğru olan seçimə üstünlük verdilər. VAR-dan istifadə edilən oyunlarla normal matçlar arasında fərq olur. “Neftçi” - “Zirə” görüşündə VAR tətbiq olunmasaydı, penalti və sarı vərəqə qərarı ola bilərdi. Çünki mövsümün əvvəlində ofsaydla bağlı qaydalar dəyişdirilib. Qəsdən geri oynamaq artıq fərqli təhlil edilir. “Neftçi”nin futbolçusu Mateus Saldanya ötürmə anında ofsaydda idi. Ancaq “Zirə”nin müdafiəçisi topu öz qapısına vursaydı, hamımız avtoqol sayılacağını bilirik”.
B. Şimşək hesab edir ki, həmin epizodda VAR-a müraciət olunmamalı idi: “Yan xətt hakimi bayrağını qaldırmışdı. VAR-dan istifadə olunan matçlarda meydançada aşkar səhv olub-olmadığına baxılır. Orada isə ofsayd qərarı verildiyindən, aşkar səhv sayılmır. “Neftçi”nin hücumçusunun rəqib müdafiəçisinə yaxın olduğunu nəzərə alsaq, ofsayd qərarının aşkar səhv olmadığını deyə bilərik. Yəni o epizoda VAR müdaxilə etməməli, baş hakim monitora baxmağa çağırılmamalı idi. Azərbaycanda isə Bahattin Duran və Tarık Onqunla çalışırıq. Onlarla da bu epizodu müzakirə etdik. Hər ikisi mənimlə eyni düşüncədədir. Hücumçu topa toxunmamış əl sifətə gəldiyindən, VAR-sız qarşılaşmada penalti göstərilə bilərdi".