“Bəzən oyunu şərh etməkdə insan çətinlik çəkir. İlk dəqiqələrdə qol buraxsaq da, tez toparlandıq. Qol epizodlarımız, dirəyə dəyən topumuz oldu. Qələbə qazanmaq istəyirdik. Oyundan çox razıyam. Komandam son 3 turdur yaxşı oynayır. 90 dəqiqə ərzində yol verdiyimiz bəzi kobud epizodları aradan qaldırsaq, daha da yaxşı olacaq”.
Sportnet.az xəbər verir ki, bunları “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazana bilməmələrinin səbəbini açıqlayıb: “Hər komandanın heyətində yaxşı futbolçular olur. Komponentlər üzərində bəzi məqamları artırmalıyıq. Son oyunlarda qələbə qazana bilərdik. Bəzi məqamlar çatışmırdı. Bu gün penaltidən yararlana bilmədik. Qırılma hadisələri çox baş verir. Daha çox qol vura bilərik, daha çox qələbə qazana bilərik. Mən “Qarabağ”da oynayanda da belə hadisələr çox olurdu. Qurban müəllimin məşqçiliyi mənim üçün kitabdır. Məşqçi karyeramı onunkuna bənzədirəm. Komandam düzgün yoldadır. Sadəcə inkişaf etmək lazımdır”.
O, hakimlərin idarəçiliyindən narazı qalmayıb: “Bu oyunda ciddi, qaranlıq qalan epizod olmadı. Hakimlər görüşü çox yaxşı idarə etdilər. Bu, futboldur. Hakimlərdə də, VAR-da da, elə bizim özümüzdə də səhvlər ola bilər”.
R.Sadıqov Hacıağa Hacılının əvəzlənməsinə belə aydınlıq gətirib: “Hacı elə futbolçudur ki, ona xəbərdarlıq edirəm ki, sarı vərəqə alırsansa, əvəzlənəcəksən. İkinci hissə üstünlük bizim tərəfimizdə idi. Onu ona görə əvəzlədim ki, üstünlüyü qoruyub saxlaya bilək. “Qəbələ” də yaxşı çıxış etdi. Elmar müəllim mübariz komanda formalaşdırıb”.
Baş məşqçi sonda Təmkin Xəlilzadənin qış fasiləsində oyununa görə deyil, futboldan kənar amillərə görə komandadan göndərilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib: “Təmkin Xəlilzadə ilə bağlı olan məsələ futboldan kənar deyil idi. Ona karyerasında uğurlar arzu edirəm”.