"Oyunda ən neqativ hal hakimlik idi".
Sportnet.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qəbələ ilə qolsuz bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından baş hakim Fərid Hacıyevin idarəçiliyindən narazılığını bildirib: “Hakimlik haqda heç vaxt danışmıram. Oyundan sonra onunla aramızda dialoq olmasına çalışdım. Bəlkə də, onunla danışacaq səviyyədə deyiləm. Mənimlə dialoqa girmək istəmədi. İrad bildirdi ki, futbol oynamaq lazımdır. Cavabımda da dedim ki, futbol oynamağımız üçün imkan verməlisən. Hər dəqiqə matçı saxlayırdı, çoxlu səhvlər edirdi. Penalti qərarını verəndə heç epizodu görməmişdi. Hakim penaltini göstərdikdə ən azı 50 faiz qərarına əmin olmalıdır. Həmin epizoda görə bizi 4-5 dəqiqə saxladılar. Görüşün əsas vaxtına da cəmi 4 dəqiqə artırıldı. Həmin vaxtın da dəqiqə yarımında “Qəbələ”nin qapıçısı öz komanda yoldaşını vurdu, o da yerdə qaldı”.
48 yaşlı baş məşqçi qol imkanlarını dəyərləndirə bilmədiklərini söyləyib: “Yaratdığımız şanslara daha ciddi yanaşmalı və sadə oynamalıyıq. Belədə bizə daha yaxşı ola bilər. Hava şəraitinə görə meydança yaxşı vəziyyətdə idi. Ot bir az hündür idi, amma bunu normal hesab edirəm. Komandam futbol oynamağı xoşlayır. Futbolçular tez oynamaq istəyirlər. Bu cür şəriatdə belə hakimliklə oynamaq asan deyil. Hər iki komanda futbol göstərməyə çalışdı. Referinin epizodlarda lazımı yerdə olmadığını düşünürəm”.