
Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün sonuncu matçında "Qarabağ" "Sabah"ı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 15-ci dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb.
32-ci dəqiqədə qonaqların bombardiri Coy Lens Mikels zədələndiyi üçün Kristian Sebalyosla əvəzlənib. İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə "bayquşlar"ın bərabərlik qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 58-ə çatdıran Ağdam təmsilçisi liderdir. "Sabah" 52 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Turan Tovuz" "Kəpəz"i iki cavabsız qolla üstələyib. XXII turun Qəbələdə keçirilən açılış oyununda yerli komanda "Neftçi" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura fevralın 12-də keçiriləcək "Səbail" - "Zirə" və "Sumqayıt" - "Şamaxı" matçları ilə yekun vurulacaq.
---------------------------------------
Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, azarkeşlər “Turan Tovuz”la “Kəpəz” arasında Qərb derbisinə şahidlik ediblər.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub ediblər. “Turan Tovuz”un heyətində 45+4-cü dəqiqədə Runi Eva, 48-ci dəqiqədə isə Xəyal Nəcəfov fərqləniblər. 84-cü dəqiqədə “Kəpəz”in qapıçısı Orxan Sadıqlı birbaşa qırmızı vərəqə aldığından, gəncəlilər son dəqiqələri azlıqda keçiriblər.
Bu qələbə sayəsində xallarının sayını 23-ə yüksəldən “Turan Tovuz” turnir cədvəlinin altıncı pilləsindəki mövqeyini möhkəmlədib. “Kəpəz” isə aktivindəki 14 xalla doqquzuncu yerdədir.
Qeyd edək ki, turun ilk oyununda “Qəbələ” ilə “Neftçi” birincilərin meydanında qolsuz bərabərə qalıblar. Bu gün “Qarabağ” “Sabah”ı qəbul edəcək, fevralın 12-də isə “Səbail”lə “Zirə” və “Sumqayıt”la “Şamaxı” üz-üzə gələcəklər.
-------------------------------------
Misli Premyer Liqasının XXII turunda bu gün daha iki oyun keçiriləcək. Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma öz prinsipiallığı ilə seçilir.
Günün ilk matçı Tovuzda baş tutacaq. Hazırda 20 xalla 6-cı pillədə olan "Turan Tovuz" qərb derbisində özündən 6 xal az toplayan və 9-cu sırada qərarlaşan "Kəpəz"i qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Mövsümün ilk yarısına təsadüf edən oyunların birində Tovuz təmsilçisi qələbə qazanıb, digəri isə heç-heçə başa çatıb. Topların fərqi də Ayxan Abbasovun baş məşqçi olduğu komandanın xeyrinədir - 2:0.
Günün son görüşündə isə ilk iki pillədə yer alan "Qarabağ" və "Sabah" klubları qarşılaşacaqlar. Hazırda Ağdam təmsilçisi 57 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 52 xalla son ölkə çempionunun ən yaxın izləyicisidir.
Bu iki kollektiv arasında 18-ci Premyer Liqa oyunu olacaq. Əvvəlki 17 matçın 12-si "köhlən atlar"ın xeyrinə başa çatıb. 5 qarşılaşmada isə qalib müəyyənləşməyib. "Qarabağ"ın vurduğu 33 qola "Sabah" cəmi 9 topla cavab verə bilib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda heç vaxt rəqibinə uduzmayıb. Ağdamlıların meydanında baş tutmuş son üç görüşdə hər iki kollektiv qol vurub.
Misli Premyer Liqası
XXII tur
11 fevral (şənbə)
14:00. "Turan Tovuz" - "Kəpəz" - 2:0
Qollar: Runi Eva, 45+4. Xəyal Nəcəfov, 48
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu.
17:00. "Qarabağ" - "Sabah" - 1:1 (İKİNCİ HİSSƏ)
Qollar: Musa Qurbanlı, 15 - Bəxtiyar Həsənalızadə, 75
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”.
Qeyd edək ki, XXII turun Qəbələdə keçirilən açılış oyununda yerli komanda "Neftçi" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura fevralın 12-də keçiriləcək "Səbail" - "Zirə" və "Sumqayıt" - "Şamaxı" matçları ilə yekun vurulacaq.