“Turan Tovuz” ilə Huner Group arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
Sportnet.az xəbər verir ki, ölkənin inşaat sektorunda qabaqcıl şirkətlərdən hesab olunan Huner Group Tovuz klubunun baş sponsoru qismində çıxış edəcək.
Tovuz şəhər stadionunda Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq müqaviləsini “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Rəşid Məhərrəmov və Huner Group-un təsisçisi Ehtiram Quliyev imzalayıblar.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Rəşid Məhərrəmovun açılış nitqi ilə başlayan tədbirdə FİF-in icraçı direktoru Tural Piriyev, klubun İdarə Heyətinin üzvləri, əməkdaşları və media nümayəndələri iştirak ediblər. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, xidmət göstərdiyi sahələrdə uğurlu nəticələr əldə edən Huner Group bugünədək müxtəlif layihələr həyata keçirib. Biznesin fərqli sahələrində xidmət göstərən şirkətlər qrupunun əsas fəaliyyət istiqaməti inşaatdır. Şirkət yaratdığı etibarlı və nüfuzlu marka dəyərini qoruyaraq iqtisadiyyatın və sahibkarlığın inkişafında daha böyük miqyaslı işlərə imza atmağı hədəfləyir.