
"Futbolçularla qardaş kimi idi. Boynunu qucaqlayıb səhvini elə deyərdi ki, ruhun da inciməzdi".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Sumqayıt"ın məşqçisi Mehman Yunusov ötən gün vəfat edən Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.
Veteran müdafiəçi 2002/2003 mövsümündə Əliyevin rəhbərliyi altında "Şəmkir"lə ölkə çemponu olub. Sabiq baş məşqçisinin ölümünə üzüldüyünü söyləyən Yunusov onun çox yaxşı insan olduğunu bildirib: "Xəbəri dünən eşitdim, çox pis oldum. Neçə il birlikdə işləmişik. Yaxşı, hərtərəfli insan idi. Onun haqqında çox danışmaq olar. Sadəcə, adam söz tapa bilmir. Heç vaxt futbolçuları incitməz, zarafatından qalmazdı. SSRİ vaxtında Azərbaycanın ən yaxşı futbolçularından biri olub".
55 yaşlı mütəxəssis Qəhrəman Əliyev kimi insanın həyatdan köçməsinin ona çox pis təsir etdiyini vurğulayıb: "Heç vaxt nəyəsə qarşı çıxmazdı. Məsələn, deyirdik ki, filan şeyi bu cür edək, dərhal razı olurdu. Təəssüf ki, son vaxtlar əlaqə saxlaya bilmədim. Çox adam qardaşı vasitəsilə maraqlanırdı. Mənim isə onunla münasibətim yoxdur. Uşaqlardan eşitmişdim ki, yataqdadır, nə danışır, nə yemək yeyir. Allah rəhmət eləsin!"
Şəmkir təmsilçisində Əliyevin rəhbərliyi altında qısa müddət oynamış Vidadi Rzayev də mərhumun yaddaşlarda müsbət insan kimi qaldığını deyib: "Üzücü xəbər oldu. Allah rəhmət eləsin. Yaxınlarına başsağlığı verirəm. Sakit təbiətli, mehriban və zarafatcıl insan idi. Yaxşı lətifələr danışardı, biz də gülərdik. Xəbəri eşidəndə çox pis oldum".
O, sabiq baş məşqçisi ilə sonuncu dəfə "Bakı"da işləyəndə görüşüb: "Oturub çay içdik. Zarafatcıl insan olsa da, daim futbolçularla pərdə saxlayırdı. Ağır təbiətli, hər şeyin yerini bilən insan idi. "Bakı" komandasında yaxşı oyunçular yetişdirib Azərbaycan futboluna bəxş etdi. Deyiləsi çox şey yoxdur. Sadəcə, təəssüflənirəm. Koronavirusa yoluxduqdan sonra komaya düşmüşdü. Həmin vaxt məndə də xəstəlik aşkarlanmışdı. Vəziyyəti pisləşəndən sonra yaxınları ilə əlaqə saxlamaq imkanım olmadı".
Qeyd edək ki, Qəhrəman Əliyev 1959-cu ildə Masallıda anadan olub. O, ən böyük nailiyyətlərini yerli "Viləş", həmçinin "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə Azərbaycan Premyer Liqasının bürünc medallarını qazandırmış mütəxəssis "Şəmkir"lə ölkə çempionu olmağı bacarıb.
O, həm də çempionarda 381 oyunla ən çox görüş keçirmiş baş məşqçi kimi tarixə düşüb.
Əliyev futbolçu karyerası ərzində "Neftçi" (1983 - 1985), "Avtomobilçi" Bakı (1976 - 1981), Rusiyanın "SKA Xabarovsk" (1981 - 1983), "Gənclik" Bakı (1985-1986) və "Avtomobilçi" Mingəçevir (1986-1987) klublarında çıxış edib.