"Hər birinizi təbrik edirəm. Mövsümün əvvəlindən qarşımıza qoyduğumuz məqsədə bu gün nail olduq. Hər biriniz buna layiq idiniz. Çox əziyyət çəkdiniz. Hər birinizə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 10 qat Azərbaycan çempionluğu münasibətilə komanda qarşısında çıxışı zamanı deyib.
51 yaşlı mütəxəssis çempionluğu qorumağın daha vacib olduğunu vurğulayıb: "Gördüyünüz kimi, çempionluq hər insana nəsib olmur. Bu gün ilk dəfə çempion olan futbolçularımız var. Yeni futbolçularımız var ki, buna daha çox sevinirlər. Bu ada layiq olmaq və bu adı qoruyub saxlamaq çox vacibdir. Qarşıdakı oyunlara hazırlaşacaq və gələcək planlarımızı müəyyənləşdirəcəyik. Daha da böyüməli, daha da irəli getməli, daha sağlam və daha möhkəm kollektivə çevrilməliyik. Hər birinizi bağrıma basıram".
Qeyd edək ki, bu gün "Qarabağ" səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gələrək, sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.