
"Təbii ki, nəticə o qədər də yaxşı olmadı. Bu, məyusedicidir. Amma biz təslim olmayacağıq".
Sportnet.az xəbər verir ki, bu sözləri İsveçin "Yurqorden" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı Konfrnas Liqasının 2-ci təsnifat mərhələsində evdə “Lütsern”ə məğlub olduqları (1:2) oyunla bağlı danışarkən deyib.
21 yaşlı futbolçu “fotbollskanalen.se”yə açıqlamasında öz oyunu ilə bağlı da danışıb. O, yaxşı formaya düşmək üçün bir qədər vaxta ehtiyac olduğunu bildirib: "Mümkün olan ən yaxşı fiziki formama çatmaq üçün mənə bir az vaxt lazımdır. İsveçdə mövsümün ortasıdır və buradakı futbolçular artıq 15-dən çox oyun keçiriblər. Sabiq komandamla toplanışda olmuşam, amma yüksək formada olmaq üçün mənə bir az oynamaq lazımdır. Çox yox, yalnız bir neçə qarşılaşma. Həm də bu, komandanı daha yaxşı tanımaq üçün lazımdır ki, qarşılıqlı əlaqə yaxşı olsun".
Musa Qurbanlı İsveçrə klubu ilə dünənki görüşdə real qol imkanından istifadə edə bilmədiyi üçün üzüldüyünü deyib: "Qol vura bilmədiyimə görə o qədər məyus oldum ki... Normalda belə bir şansı daha yaxşı dəyərləndirirəm, amma qismət belə oldu. Çalışacağam ki, növbəti şansı dəyərləndirim".
Bu yay "Qarabağ"dan "Yurqorden"ə keçən Musa Qurbanlı yeni klubunda hər şeyin yaxşı olduğunu əlavə edib: "Bura çox gözəldir. Şəhər, insanlar, hər şey çox əladır. Bizim azarkeşlərimiz də möhtəşəmdir. Meydana çıxanda həqiqətən güclü atmosferi hiss edirik. Bu, bizi motivasiya edir. İndiyə qədər hər şey çox yaxşıdır".