
Bu yaxınlarda "Qarabağ" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə "Sumqayıt"la 2+1 illik müqavilə imzalayıb. Ötən iki mövsümdə isə 24 yaşlı hücumçu icarə əsasında "Zirə"nin formasını geyinib.
Əhmədzadə Sportnet.az-a müsahibəsində yeni klubu ilə növbəti mövsümə hazırlığı, həm də digər sualları cavablandırıb:
- Yeni komandada uyğunlaşma və hazırlıq prosesi necə gedir?
- Bəli, adaptasiya prosesi tez gedir. Hər şey xoşuma gəlir, toplanış əla keçir.
- “Sumqayıt”a keçməyə təsir edən əsas amil nə oldu: Digər təkliflər sizi qane etmədi, yoxsa başqa amil rol oynadı?
- Düzü, başqa təkliflərim də var idi. Amma mən “Sumqayıt”ı seçdim. Klub prezidenti Riad Rəfiyev və baş məşqçi Saşa İliçlə görüşdüm. Yaxşı söhbət etdik, gördük ki, maraqlarımız üst-üstə düşür. Ona görə bu komandada olduğum üçün çox şadam.
- Daha əvvəl “Zirə” və “Qarabağ”la avrokuboklarda çıxış etmisiniz. İndi yalnız Premyer Liqada mübarizə aparacaqsınız. Bu, sizi motivasiya edəcəkmi?
- Əvvəllər istədiyim və göstərə biləcəyim oyunu tam sərgiləyə bilmirdim. Buna görə də məndə motivasiya çoxdur. Futbolçu kimi performansımı tam açmaq, bununla da komandama daha çox kömək etmək istəyirəm.
- “Sumqayıt”ın yeni mövsümdə hədəfləri nədir?
- Məqsəd avrokubok zonasına düşməkdir. Bu uğur uğrunda çalışacaq, yüksək yerlər uğrunda rəqabət böyük olsa da, bunun üçün əlimizdən gələni edəcəyik.
- Fiziki formanızı və mövsümə hazırlığınızı necə qiymətləndirirsiniz?
- Şəxsi məqsədlərim ən yaxşı formama çatmaq, sabit çıxış etmək və yaxşı, stabil nəticələr göstərməkdir. Əvvəl də dediyim kimi, maksimum dərəcədə performansımı açmaq istəyirəm. Formamı yaxşı hesab edirəm. Çünki həm “Qarabağ”, həm də “Sumqayıt”la təlim-məşq toplanışı keçmişəm. Amma daim inkişaf etmək üçün hədəf olmalıdır.
- Sabiq komandanız “Zirə” Konfrans Liqasında mübarizəni erkən dayandırdı. “Hayduk”la oyunlara baxdınızmı, təəssüratlarınız necədir?
- Əlbəttə, izlədim. Burada çox şey deməyə ehtiyac yoxdur. “Hayduk” yüksək səviyyəli komandadır, onları keçmək asan deyildi. Üstəlik, “Zirə”nin çoxsaylı zədəli futbolçusu var idi. Düşünürəm ki, bu da vacib amildir. Amma belə hallar olur. Avrokuboklarda mübarizə aparmağı hamı sevir, çünki orada böyük rəqabət var. Bu dəfə sadəcə, bəxt gətirmədi. Yalnız uğurlar arzulaya bilərəm. “Zirə” böyük potensiala sahib yaxşı komandadır.
- “Qarabağ”la da Avstriyada toplanışda iştirak etmisiniz. Bu toplanış sizə təcrübə baxımından nə verdi?
- Bəli, necə deyərlər, bu da təcrübə “xəzinə"sinə yazılır (gülür - red.).
- Ağdam təmsilçisinin əvvəlcə “Şkendiya”nı, daha sonra isə “Ludoqorets” – “Ferentsvaroş” cütünün qalibini keçərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına inanırsınızmı?
- Bəli, inanıram ki, “Qarabağ” bu il Çempionlar Liqasının qrupunda olacaq. Qurban Qurbanovun komandasına bütün rəqibləri keçib hədəflərinə çatmaları üçün dəstək olacağam.