Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya "Challenge" Kubokuna hazırdır. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini – Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək.
O, yarışların gedişatını izləyəcək və hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti və Olimpiya Çempionu Nelli Kim (Belarus) də səfər edəcək.
Paytaxtda keçiriləcək turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.
AGF-nin baş katibi Fərid Qayıbovun sözlərinə görə, turnirin ən yüksək təşkilatçılıq səviyyəsində keçməsi gözlənilir: "Bizdə, hava limanında qarşılamadan tutmuş son mükafatlandırmaya qədər, artıq hər şey hazırdır. Ümid edirəm ki, bizim komanda Kubok ərzində nizamlı surətdə çalışacaq və hamı xoş təəssüratlarla geri dönəcək. İdmançılarımızın iştirakına gəldikdə isə, əminəm ki, həm kişi, həm də qadın yığma komandası idman gimnastikası həvəskarlarını öz çıxışları ilə sevindirəcək. Mən, həmçinin bütün azarkeşləri 19-21 fevral tarixlərində MGA-nın tribunalarını doldurmağa, öz iştrakçılarımızı dəstəkləməyə və bizmlə birgə bu idman bayramını yaşamağa çağırıram!"
Qeyd edək ki, artıq Azərbaycan paytaxtına ilk təşrif buyuracaq yığma komandalar məlum olub. Dünya Kuboku mərhələsinin yarışlarında tam hüquqla iştirak etmək üçün İsveç və Yaponiya komandaları bu gün akkreditasiyadan keçəcəklər. Lakin skandinavları və Gündoğan ölkənin nümayəndələrini, bu birincilikdə turnirin başlanmasından xeyli əvvəl Bakıya təlim-məşq toplanışına gələn Özbəkistan və İsrail yığma komandaları qabaqlayıb.