Bakıda idman gimnastikası üzrə təşkil olunan FIG Dünya "Challenge" Kuboku, "AGF Trophy" başa çatıb. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı gimnast Oleq Stepko parallel qollar üzərində finalda 15.550 xal toplayaraq, qızıl medal qazanıb.
Fəxri kürsünün 2-ci pilləsinə Türkiyə təmsilçisi Ferhat Arican (15.350) layiq görülüb. 3-cü yeri isə 15.250 xalla Yaponiya gimnastı Kaya Kazuma tutub.
Stepko dayaqla tullanmada 14.650 xal qazanıb və gümüş medala layiq görülüb. Bu alət üzərində hərəkətlərdə yarışların qalibi Yaponiya gimnastı Kenzo Şirai (14.975) olub. Bürünc medala isə Türkiyə idmançısı Ahmet Öndər (14.400) sahib çıxıb.
Halqalarla hərəkətdə isə azərbaycanlı gimnast 14.700 xal toplayaraq bürünc medal qazanıb. Bu növdə birinci yeri 15.450 xalla Türkiyə təmsilçisi İbrahim Çolak (15.450) tutub. Yaponiyalı Kaya Kazuma isə 14.800 xalla ikinciliklə kifayətlənib.
Azərbaycanın qadın idman gimnastikasının nümayəndəsi Marina Nekrasovanın sərbəst hərəkətlərdə bürünc medalın qazanıb. M.Nekrasova 13.200 toplayıb.
Mükafatlandrıma mərasiminin sonunda həm kişilər, həm də qadınlar arasında ən çox icra xalı olan gimnastlar – Kenzo Şirai və Oksana Çusovitina (Özbəkistan) təşkilatçılar tərəfindən hazırlanmış "AGF Trophy" kuboku təqdim olunub.