İyunun 13-də Bakıda start götürəcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda ölkəmizi böyüklərin fərdi proqramında Marina Durunda və Gülsüm Şəfizadə təmsil edəcək.
Qrup komandasında Səbinə Abbasova, Aliyə Paşayeva,
Aynur Mustafayeva, Siyana Vasileva, Aleksandra Platonova və Diana Doman yer
alacaq. Yeniyetmələrin fərdi yarışlarında isə Jalə Piriyeva və Züleyxa
İsmayılova çıxış edəcəklər. Yarışlar yenicə istifadəyə verilmiş Milli
Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatında 33 ölkənin 250-yə yaxın idmançısı mübarizə aparacaq. Fərdi proqramda 102, yeniyetmə, böyüklərdən ibarət qrup komanda mübarizəsində 21 kollektiv, fərdi yarışda isə 20 gimnast 9 dəst medalın müqəddəratını həll edəcək. Onların arasında 2013-cü ilin mütləq dünya çempionu Yana Kudryavtseva (Rusiya), dünya çempionu Qanna Rizatdinova (Ukrayna), Avropa və dünya çempionatlarının mükafatçısı Melitina Stanyuta (Belarus), Neta Rivkin (İsrail) kimi tanınmış gimnastlar da olacaq. Qrup komandalarının mübarizəsində isə İtaliya, Rusiya, Bolqarıstan, Belarus, İspaniya, Fransa təmsilçiləri favoritlər sırasındadırlar.