1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Murtaz Xurtsilava: "Məni yoxlayırsınız?" - EKSKLÜZİV
Uzun illər boyunca bir çox tanınmış şəxslərdən, ünlü idmançılardan müsahibə götürmüşəm. Amma nədənsə onunla görüşə bir az həyəcanlı yollanırdım. SSRİ yığmasının kapitanı olmuş, sadə kənd uşağından ulduz futbolçuya çevrilmiş Murtaz Xurtsilava Gürcüstanın paytaxtı Tiflisin səfalı Didube rayonundakı evində məni gülərüzlə qarşıladı. Gəlişimin məqsədini bilsə də, gürcü qonaqpərvərliyini nümayiş etdirərək, mənimlə xaçapurinin dadına baxmamış söhbətə başlamadı:
- Mən hər zaman Bakını, Gəncəni gözəl xatirələrlə yada salıram. Azərbaycanın paytaxtında daim dolu tribunalar qarşısında, həyəcan dolu, yüksək intriqalı görüşlərdə oynamışam. Möhtəşəm futbolçularınız vardı.
- Sizcə, o dövrdə "Neftçi”nin çempion olmasına hansı amillər mane oldu?
- Onda çox güclü komandalar mübarizə aparırdı (1966-cı ili nəzərdə tutur - A.Ə.). Qızıl medalları qazanmaq üçün güclü futbolçulardan ibarət geniş heyətin olmalı idi.
- Hazırda "Neftçi”nin durumu ilə maraqlanırsınız?
- Açığı, yox. Azərbaycan klublarından son izlədiyim "Qəbələ” olub. "Dinamo” ilə matçda onlar yaxşı təsir bağışladılar. Sizin klubun heyətində çoxlu legioner futbolçu yer alırdı. Ancaq mən düşünürəm ki, komandalar daha çox yerlilərə və öz yetirmələrinə yer verməlidirlər. Bax, o zaman Azərbaycan futbolunun inkişafından söhbət gedə bilər.
- Yığmamızda baş verən dəyişiklikdən xəbəriniz varmı?
- Əlbəttə, Prosineçki perspektivli mütəxəssisidir. Norveçlə oyundakı nəticə gələcəyə ümidlə baxmağa əsas verir. Xorvatiyalı məşqçiyə vaxt verilsə, Azərbaycan yığması uğur qazana bilər. Bildiyimə görə, siz DÇ-2018-in seçmə mərhələsində yenə Norveçlə eyni qrupda mübarizə aparacaqsınız.
- Bəli. Seçmə mərhələdən söz düşmüşkən, qrupda şanslarımızı necə dəyərləndirirsiniz?
- Ümid edirəm ki, Azərbaycanın tanınmış futbol şərhçisi Norveçlə görüşdən sonra futbolla vidalaşmaz (gülür). Skandinaviyalılarla 3-cü yer uğrunda mübarizə aparmaq olar. Fikrimcə, Azərbaycan futbolunun potensialı buna imkan verir.
Haşiyə: Sovetlər Birliyinin ən tanınmış futbol şərhçilərindən biri olan gürcü əsilli Kote Maxaradze məhz Gürcüstan - Norveç oyununda meydan sahiblərinin aut atışından sonra qapılarında qol görməsindən sonra yığmanın matçlarını şərh etməkdən imtina etmişdi.
- 11 avqust 2015-ci il tarixi sizə bir şeydən xəbər verirmi?
- Məni yoxlayırsınız? (gülür) Əlbəttə, UEFA Super Kuboku kimi oyunu necə səbirsizliklə gözlədiyimi bir bilsəniz! Hər şeydən öncə iki çox mükəmməl komandanın mübarizəsi olacaq. "Barselona"nın heyətində çoxlu sehrbaz var, amma "Sevilya”da kollektiv oyun daha güclüdür. Baxaq, görək necə olur....
Sağollaşmadan öncə dahi müdafiəçi əlindəki suveniri mənə uzadaraq, "Sən Azərbaycan və Gürcüstan futbolu arasında körpüsən" deyə təşəkkürünü bildirdi...
Araz ƏHMƏDOV, Tbilisi