İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı və Kolizey İnşaatın sponsorluğu ilə davam edən FUTPROQNOZ yarışmasının yarımfinalçısı Əliyar Ağayevin Sportnet.az-a müsahibəsi
- FUTPROQNOZ yarışması barədə fikirləriniz necədir? Bu yarışma Sizə nə verdi, özünüzdə nəyi kəşf etdiniz?
- Səhv etmirəmsə, Azərbaycanda ilk dəfədir ki, belə bir yarışma keçirilir. Düşünürəm ki, olduqca maraqlıdır. Əslində, həyatda heç vaxt proqnoz vermirəm, verməmişəm, verməyəcəyəm də! Ancaq oyun kimi maraqlıdır. Startda 32 iştirakçı qatılmışdı, indi isə cəmi 4 nəfər qalıb. Hesab edirəm ki, nəticə yaxşı olacaq. Layihə tək mənim üçün yox, bütün iştirakçılar üçün maraqlı oldu.
- Səhər qalxıb, proqnoz vermək barədə düşündüyünüz oyun olub?
- Xeyr. Hər zəng gələndə düşünüb proqnozumu verirdim. Yalnız keçən dəfə hesab edirdim ki, Braziliya - Kolumbiya oyununun hesabını deməliyəm, fikirləşmişdim ki, 2:1 hesabı verim, amma mənə Fransa - Almaniya qarşılaşması düşdü. Yalnız o oyunu düşünmüşdüm.
- Yarımfinala qədər irəliləyəcəyinizi gözləyirdiniz?
- Açığı, yox. Yenə deyirəm: heç vaxt proqnoz vermədiyimdən, bilmirdim necə olar, olmaz. Bu, şans işidir, gözləmirdim.
- Rəqibin kimliyi, topladığınız xal barədə məlumatınız varmı? Rəqibə qalib gələ biləcəksiniz?
- Əlbəttə var. Saytı izləyirəm. Rəqibim jurnalist Tahir
Hümmətovdur. 34 xalım var. Tahir də eyni xalı toplayıb. O ki qaldı qələbə şanslarıma, nə bilim, bir az çətindir. Demək olar ki, ən güclü komandalar qalıb. Hesab
edirəm ki, tək mənim üçün yox, bütün iştirakçılara maraqlı oldu.
- Yarışmada il ərzində Sizi tənqid edən jurnalist zümrəsinin cəmi bir təmsilçisi qalıb. O da Sizinlə yarımfinalda qarşılaşacaq. Öz aramızdır, mövsümboyu Sizi tənqid edənlərdən qisas almaq üçün əla fürsətdir...
- Yox, razılaşa bilmirəm. İnkişaf etmək istəyirsənsə, mütləq tənqid olunmalısan və bundan nəticə çıxarmağı bacarmalısan. Jurnalistlərlə heç bir şəxsi ədavətim yoxdur. Yarımfinaldakı rəqibimə də uğurlar arzulayıram. Burada bəxtdən çox şey asılı olacaq.
- Bu mövsüm karyeranız da uğurlu alınır, FUTPROQNOZ yarışması da. Paralel apara bilərsiniz?
- Yox, paralel aparmaq istəməzdim. Proqnoz başqadır, bu, şans məsələsidir. Burada bəxt amili birinci yerdə dayanır. Etiraf edim ki, bu yarışmada bəxtim iki dəfə son anda gətirdi. O ki qaldı karyerama, burada peşəkarlıq ön plana çıxır. Bu səbəbdən, parelel aparmaq istəməzdim.
Sevinc XANQIZI