1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Reytinqimi 2700-ə çatdırmalıyam" - MÜSAHİBƏ
Şahmat üzrə Azərbaycan çempionu Eltac Səfərli Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Karyeranızda növbəti dəfə Azərbaycan çempionu oldunuz. Builki çempionatı əvvəlkilərdən nə ilə fərqləndirərsiniz..
- Son tur ərəfəsində artıq çempionluğu təmin etmişdim. Amma bu, yarışın asan keçdiyini söyləməyə imkan vermir. Əvvəlki illərdən fərqli olaraq, ölkə çempionatı daha böyük rəqabətlə yadda qaldı. Gənc nəsil yaxşı mənada özünü göstərə bildi. Bu, məni çox sevindirir. Gənc şahmatçılar rəqibdən asılı olmayaraq, hər bir partiyada sona qədər mübarizə aparırdı.
- Ötənilki çempion Rauf Məmmədov bu dəfə turnirdə iştirak etmədi. Bu mənada Raufun yoxluğu çempionluq yolunu bir qədər asanlaşdırdı?
- Rauf çox güclü şahmatçıdır. Onun yarışda iştirakını çox istəyirdim. Amma müəyyən səbəblərdən çempionata qatılmadı. Bununla belə, biz çox maraqlı Azərbaycan çempionatının şahidi olduq. Turnirdə kifayət qədər yaxşı şahmatçılar mübarizə apardı. Bəlkə kənardan çempionluğun asan başa gəldiyini düşünmək olar, amma əslində bu, delə deyil.
- Hansı tur sənin üçün ən çətin oldu?
- Hər bir partiya çətin idi. Məsələn, Nail Bəşirli ilə oyunum çox maraqlı oldu. Gənc şahmatçı çempionata yaxşı hazırlaşdığını göstərdi. Bildiyiniz kimi, bu il Ümumdünya Şahmat Olimpiadası Bakıda təşkil olunacaq. Buna görə həm kişilər, həm də qadınlar arasında 3 komanda ilə təmsil olunmaq imkanımız var. Çempionat ölkədə kifayət qədər perspektivli gənclərin olduğunu göstərdi.
- Ümumiyyətlə, 2016-cı ildə iştirak etdiyin yarışları necə qiymətləndirirsən?
- Nüfuzlu Veyk-An-Zee turnirinin "B” yarışında çıxışımı normal hesab edirəm. İkinci yeri tutmaq yaxşı nəticədir. Təəssüf ki, "Aeroflot Open"də iştirakım istədiyim kimi olmadı. Növbəti turnirlərdə layiqincə çıxış etmək üçün çalışmalıyam. Apreldə "Dubay Open”ə yollanacağam. Mayda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə beynəlxalq turnir olacaq. Ölkə çempionu kimi həmin yarışa vəsiqə qazanmışam. Sentyabrda isə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Həmin yarış hər bir şahmatçı üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.
- Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası ilə bağlı fikirlərini bilmək istərdik...
- Müxtəlif yarışlarda Azərbaycan yığmasının şərəfini qorumuşam. Hər zaman arzulamışıq ki, şahmat üzrə ən mötəbər yarış olan Olimpiada doğma şəhərimizdə olsun. Sözsüz ki, mötəbər yarışın Bakıda keçirilməsi məsuliyyətimizi artırır. Komanda olaraq bu yarışda uğurlu çıxış etmək üçün çox çalışmalıyıq.
- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının Olimpiadada şanslarını necə qiymətləndirirsən?
- Azərbaycan millisi iki dəfə Avropa çempionatının qalibi olub. Kifayət qədər təcrübəmiz var. Komanda kimi mübarizə aparmalıyıq. Sözsüz ki, olimpiada qitə birinciliyindən fərqlənir. İki il əvvəl Norveçdə medal qazanmağa yaxın olmuşduq. Bakıda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparmalıyıq.
- Hansı komandaları Azərbaycan millisinin əsas rəqibləri hesab etmək olar?
- Olimpiadada zəif rəqib olmayacaq. Rusiya, ABŞ, Çin, eləcə də digər komandalar medallar uğrunda yarışacaq. Olimpiadada hər bir rəqibə qarşı ciddi hazırlaşmaq vacibdir. Dünya çempionu Maqnus Karlsen də Bakıya gələcək. Onun iştirakı Norveç yığmasını gücləndirəcək.
- Hazırda dünya şahmatçılarının sıralamasında 2663 reytinq əmsalın var. Reytinqindən razısan?
- 2016-cı ildəki yarışlarda reytinqimi artırmalıyam. Ola bilər, 2016-cı ildə buna nail olmayım. Amma tezliklə reytinqimi 2700-ə çatdırmaq istəyirəm. Buna görə ciddi hazırlaşacağam. Azərbaycan çempionatında və ümumiyyətlə son yarışlarda hər zaman mənə dəstək olan beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovu qeyd etmək istərdim. Ölkə çempionatında uğur qazanmağımda onun da rolu az deyil.