Çexiyalı cüdoçu, 100 kq-dan yuxarı çəki dərəcəsində Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi, eləcə də ikiqat dünya və üçqat Avropa çempionu Lukaş Krpalek "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Əvvəlcə hazırkı Avropa çempionatı ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Avropa çempionatının Praqada keçirilməsində məmnunam. Ümid edirəm ki, hər kəs yarışdan zövq ala bilir.
- Azərbaycan cüdoçularının çıxışı barədə nə deyə bilərsiniz?
- Azərbaycan yığması çox güclüdür. Yeniyetmə və gənclər arasında da istedadlı cüdoçular var. Yarışlarda tez-tez Elxan Məmmədov, Elmar Qasımov və Uşanqi Kokauri ilə qarşılaşmışam. Kifayət qədər yaxşı idmançılarınız var. Gənc cüdoçularınızın burada iştirakı məni sevindirir.
- Elmar Qasımovla görüşlərinizi necə xatırlayırsınız?
- Onunla çox rəqib olmuşuq. Məni ilk dəfə Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclərin Avropa çempionatında məğlub edib. O, əla oğlandır və biz yaxın dostuq. Yarışlarla yanaşı, beynəlxalq təlim-məşq toplanışlarında da Elmarla tez-tez görüşürük.
- Bizdə cüdo üzrə ikiqat olimpiya çempionları yoxdur. Siz isə buna nail olmusunuz. Nailiyyətinizin sirri nədədir?
- Bilmirəm (gülür). Mənim üçün hər yarış önəmlidir. Bütün turnirlərə medal qazanmaq üçün qatılıram. Əldə etdiyim hər bir uğur mənə növbəti yarışlar üçün stimul verir.
- Məsələn, Azərbaycanda idmançılar ilk olimpiya çempionluğundan sonra çox vaxt zədələri əsas gətirərək, karyeralarını bitirirlər. Bu səbəbdən, hazırda onlar arasında ikiqat olimpiya çempionu yoxdur. İlk çempionluqdan sonra karyeranızı başa vurmaq barədə düşünmüsünüzmü?
- Çox çətin sualdır, cavab verməkdə çətinlik çəkirəm.
- 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında 3-cü dəfə qızıl medal qazanmaq hədəfiniz varmı?
- Parisə məhz bu məqsədlə yollanacağam. Həmin yarışdan sonra vəziyyətimə baxacağam. Gücüm olsa, davam edəcəyəm. Əks halda karyeramı bitirəcəyəm.