
"İnanıram ki, yarış yüksək səviyyədə təşkil olunacaq. Çünki təşkilat komitəsinin Dünya Kubokuna necə hazırlaşdığını bilirəm".
Sportnet.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.
Nazir ölkədə şahmatın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: "Ölkəmizdə dünya çempionu yetişib, kifayət qədər nailiyyətlərimiz var. Şahmatçılarımız bütün dünyada tanınır. Bu cür yarışlar şahmatın təbliğatı üçün mühim rol oynayır.
O, Dünya Kuboku üçün Azərbaycana səfər edən FIDE prezidenti Arkadi Dvorkoviçi salamlayıb: "Onunla yaxşı münasibətlərimiz var. Şahmatı bütün dünyada yüksək səviyyədə təbliğ etdiyi üçün cənab Dvorkoviçə minnətdarlığımı bildirirəm. Azərbaycana inandıqları üçün ona təşəkkür edirəm. Həmçinin, bütün idmançılara bu yarışlarda uğurlar arzu edirəm".
Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.