Azərbaycan idmançılarının olimpiadalarda yüksək nailiyyət qazandıqları növlərdən biri də cüdodur. Nazim Hüseynovun MDB bayrağı altında əldə etdiyi çempionluğu da üstünə gəlsək, tatami ustalarımız yerli idmansevərləri iki qızıl, bir bürünc medala sevindiriblər.
Atlanta-1996-da 2, Sidney-2000-də 4, Afina-2004-də 3, Pekin-2008-də 6, London-2012-də isə rekord sayda - 8 cüdoçu ilə təmsil olunmuşuq. Cari tsiklın nəticələri iştirakçıların reytinq mövqeyinə görə son olimpiadadan geri qalacağını göstərir. Reqlamentdə yalnız bir lisenziya xarakterli yarış qaldığını nəzərə alsaq, şansları onsuz da cüzi olan digər cüdoçularımızın normativi yerinə yetirəcəyi mümkünsüzdür.
Beləliklə, yalnız kişilər arasında olmaqla, 6 çəkidə 9 cüdoçumuz Braziliya tatamisinə iddialıdır. Onların hər biri haqqında ayrıca söhbət açacağıq.
60 kq
Orxan Səfərov reytinqdə normativi yerinə yetirmiş komanda yoldaşı İlqar Müşkiyevdən 9 pillə qabaqdadır. Yəni, nisbətdə şanslı tərəf odur. Bura tsiklin üç mötəbər yarışında qazanılan medalları da əlavə etsək, ümumiyyətlə irəlidədir. Düzdür, Müşkiyev bu müddəti zədələrlə keçib, üstəlik bir dəfə AÇ medalı və nüfuzlu Paris "Böyük dəbilqə"sində ikinci olub, amma hazırkı formasına nəzərən də Səfərov iştiraka bir addım daha yaxındır.
Kimin iştirakından asılı olmayaraq, bu çəkidə kifayət qədər ciddi rəqiblər yer alır. Götürək, tsiklın bütün dünya çempionlarını; Yapon Naohişa Takato, monqol Qanbat Boldbataar və qazaxıstanlı Yeldos Smetov. Biri lider olmaqla, onların üçü də reytinqin ilk "5-liy"ində qərarlaşır. Həmçinin gürcü Amiran Papinaşvili, hər iki təmsilçimiz üçün ciddi rəqib hesab edilən, onları müxtəlif turnirlərdə dəfələrlə üstələyən Cənubi Koreya və Türkiyə cüdoçuları. Bura Fransa, Braziliya, Özbəkistan təmsilçilərini də daxil etsək, görərik ki, medallar uğrunda kifayət qədər gərgin rəqabət gedəcək.
66 kq
Burada da iki cüdoçu lisenziya normativini yerinə yetirib. Lakin xeyli üstün olan Nicat Şıxəlizadənin iştirak etməməsi yalnız fövqəladə hala bağlıdır. Tərlan Kərimov öndə olan bir neçə ölkə təmsilçisinin ələnməsi hesabına 22-liyə düşür. Tsikldə də iki-üç ciddi nəticəsi var.
Konkret olaraq, Şıxəlizadəni iştirakçı kimi götürsək, o, belə medallara əsas namizədlər siyahısında deyil. 10-cu sırada qərarlaşan Nicatdan öndə kifayət qədər ciddi rəqiblər var ki, onların sırasında xüsusi olaraq, Yaponiya və Cənubi Koreya təmsilçilərinin adlarını çəkmək olar. Tsiklın ilk iki dünya çempionatını Masaşi Ebinuma, sonuncunu isə An Baul qalib tamamlayıb. Çempionluğa ən iddialılar arasında üçüncü ad isə Rusiya təmsilçisi Mixail Pulyayevdir. Monqolustanlı Davadoorj Tumurkuleq, hazırda formada olmasa da Ukrayna təmsilçisi, əzəli rəqib Georgi Zantaraya, son Avropa çempionu gürcü Vaza Marqvelaşvili və digər adlarını çəkmədiyimiz cüdoçuların iştirakı ilə gərgin rəqabət gedəcəyi gözlənilən bu çəkidə Şıxəlizadənin medal alması çox çətin olacaq.
73 kq
Bu çəki cüdo millimizin hazırkı ana görə əsas medal ümididir. Son illər göstərdiyi nəticələrə görə, hazırda reytinqin ilk pilləsində qərarlaşan Rüstəm Orucov çəkinin əsas favoritlərindəndir. Əsasən Beynəlxalq Cüdo Federasiyasının dövri turnirlərində fərqlənməklə xallar qazanan 24 yaşlı idmançımız Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında da çempion olaraq, liderliyinin əbəs olmadığını sübut etdi. Rüstəm üçün çempionluq yolunda əsasən iki ölkə təmsilçisinin adını çəkmək lazımdır. Bunlar Yaponiya təmsilçiləri Riki Nakaya və ya Şoehi Ono, eləcə də Cənubi Koreyadan olan An Çanqrimlidir. Rusiyalı, son AÇ-yə qədər Orucovu dəfələrlə məğlub etmiş Denis Yartsev, Nuqzari Tatalaşvili və ya revanş hissi ilə alışıb-yanan Laşa Şavdatuaşvilinin hansının iştirakından asılı olmayaraq Gürcüstan cüdoçularını da siyahıdan silmək olmaz. İstənilən halda yüksək formada olan Rüstəm Orucovdan minimum olimpiya medalı gözləməyə dəyər.
90 kq
Bu çəkidəki iştirakımız son aylara qədər qaranlıq idi. Tural Safquliyev, Şahin Qəhrəmanov və Ramin Qurbanovun nəticələri ümidverici deyildi. Ötən il Məmmədəli Mehdiyev bu çəkiyə keçdi ki, lisenziya da onun sayəsində qazanıldı. Əvvəlcə o qədər ürəkaçan təsir bağışlamayan 23 yaşlı cüdoçu son turnirlərdə özünü ən yaxşı tərəfdən göstərir. Samsun Qran Prisində ikincilik, Bakı "Böyük dəbilqə"sində beşincilik və mayın 15-də başa çatan Almatı Qran Prisindəki üçüncülük Mehdiyevin lisenziya normativini yerinə yetirməsi ilə nəticələndi.
Hərçənd, onun medal şansı 9 potensial iştirakçı sırasında yalnız Tərlan Kərimovdan üstündür. Gürcüstanlı Varlam Liparteliani, cənubi koreyalı Gvak Donq Han, yaponiyalı Maşu Baker, macarıstanlı Kristian Tot, kubalı Eşli Qonzales, fransalı Aleksandr Aydr və əvvəlki formadan uzaq düşməsində rəğmən, "qoca qurd" yunanıstanlı İlias İliadis medallara əsas namizədlərdir. O namizədlər ki, Məmmədəlinin heç bir uğuru onların iştirakı ilə keçirilən turnirlərə təsadüf etmir.
100 kq
Burada da reytinqə Azərbaycan cüdoçusu başçılıq edir. Əsasən ötən il qazandığı uğurlarla Elmar Qasımov bu nəticənin müəllifidir. Onunla birgə qocaman Elxan Məmmədov da hələ ötən ildən lisenziya normativini yerinə yetirib. Tsiklın əvvəli və son aylara görə Elxan daha xoş təsir bağışlayırsa, aradakı iki illik müddətdə Qasımov açıq-aşkar üstün çıxış sərgiləyib. Cüdomuzun yeganə dünya çempionu statusuna malik olan Elxanın yaşının karyerasının son akkordları anlamına da gəldiyini nəzərə alsaq, bu seçim 60 kq-dakından belə çətin olacaq. Zayzenbaxerin hansı qərarı verəcəyi federasiya rəsmilərinin də açıqlamalarına görə, yalnız yarışa bir neçə gün qalmış məlum olacaq.
Sözügedən çəki rəqabət baxımından dünya kişi cüdosunun hazırda ən mürəkkəbidir. Konkret lider olaraq, heç kim göstərilmir. İstər dünya və qitə çempionatlarında, istərsə də dövri yarışlarda nadir hallarda hər hansı cüdoçu nəticəsini qoruya bilir. Məşhur hollandiyalı, son iki olimpiadanın bürünc mükafatçısı, əsas qitə yarışının isə çempionu Henk Qrol, 2014-cü ilin dünya çempionu çexiyalı Lukas Krpalek, 2015-ci ildəki analoji yarışın qalibi Haqa Ryonusuke ilə yanaşı, çəkiyə keçdiyi heç bir il olmasa da, normativi artıqlaması ilə yerinə yetirən, bir çox turnirlərdə, elə son Bakı "Böyük dəbilqə"sindəki çıxışı ilə göz oxşayan gürcüstanlı Beka Qviniaşvili, Paris "Böyük dəbilqə"sinin son illər üçün dəyişməz qalibi olan fransalı Siril Mare, almaniyalılar Karl Riçard Frey və Dmitri Peters, portuqaliyalı Xorxe Fonseka, misirli Ramadan Darviş və digər, ümumiləşdirsək, iştirak edəcək hər bir cüdoçu medallara iddialıdır.
+100 kq
Zayzenbaxerin gəlişindən sonra ciddi irəliləyiş nəzərə çarpan cüdoçulardan biri də Uşangi Kokauri oldu. Son turnirlərdə göstərdiyi çıxış gürcü legioneri "Rio-2016"da da hesabdan silməyin tez olduğunu göstərdi. AÇ-nın komanda yarışlarında millimizə həlledici qələbəni qazandırmaqla, tarixi uğurda böyük pay sahibi olan 24 yaşlı cüdoçu mayın 15-də həmyerliləri Adam Okruaşvili, Levani Matiaşvili və tunisli Faisel Jaballah kimi məşhur cüdoçuların çıxış etdiyi Almatı Qran Prisinin gümüş medalını qazandı.
Kokauri üçün əsas maneə şübhəsiz ki, fransalı əfsanə Teddi Rinerdir. O cümlədən Ryu Şişinoe və Hisayoşi Harasavadan hansının iştirakından asılı olmayaraq, Yaponiya cüdoçusu. İsrailli Or Sasson, braziliyalı Rafael Silva, hollandiyalı Roy Meyer, onu bir çox turnirlərdə məğlub edən ukraynalı Yakiv Kammo və yuxarıda adlarını çəkdiyimiz həmyerlilərindən biri ciddi rəqiblər sırasındadır.
Sahib ƏSƏDBƏYLİ
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir