
Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.
Sportnet.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən komitə prezidenti İlqar Rəhimov 2019-cu ilin MPK üçün məhsuldar olduğunu qeyd edib. O, il ərzində ən fəal məşqçilərin, idmançıların və digər əməkdaşların da seçildiyini bildirib.
Baş katib Kamal Məmmədov öz çıxışında komitəyə il ərzində daxil olan və xərclənən vəsaitlər barədə məlumat verib. Onun sözlərinə görə, 2019-cu il ərzində komitəyə 6 mənbədən ümumilikdə 2 milyon 291 min manat vəsait daxil olub. Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu, Azərbaycan Respublikasının Dövlət Büdcəsi, komitənin tərəfdaşları və “İBSA Judo Grand Prix Baku 2019” yarışlarından daxil olan vəsaitlərdir: “Bu vəsaitlər əsasən beynəlxalq yarışlarda iştirak, daxili yarışların təşkili, təlim-məşq toplantıları, avia biletlərin alınması, dərman vasitələrinin alınması, tədbirlərin təşkili, uşaq paralimpiya hərəkatının inkişafı, komitənin ofisinin saxlanma xərcləri və “Tokio 2020”yə ilkin hazırlıq istiqamətində xərclənib”.
Baş katibinin sözlərinə görə, cüdo idman növünə 134 464 manat, atletikaya 281 953 manat, pauerliftinqə 105 934 manat, güllə atıcılığına 71 098 manat, üzgüçülüyə 86 172 manat, kamandan oxatmaya 66 148 manat, taekvondoya 27 157 manat, para velosipedə 7 212 manat, boccia idman növünə 19 980 manat, qılıncoynatmaya 6 143 manat, qış idman növlərinə 12 091 manat, əlil arabasında idman rəqsinə 16 223 manat, uşaq paralimpiya hərəkatına 78 407 manat xərclənib.
K.Məmmədov qeyd edib ki, 2019-cu il ərzində paralimpiyaçılar beynəlxalq yarışlarda 17 qızıl, 23 gümüş və 25 bürünc olmaqla ümumilikdə 65 medal qazanıblar.
İdman şöbəsinin müdiri R.Mürsəlov 2019-cu il ərzində əldə edilən idman uğurları və Tokio-2020 XVI Yay Paralimpiya Oyunları barədə planlar haqqında söz açıb. O, qeyd edib ki, komitənin idmançıları tərəfindən bu günə qədər “Tokio 2020”yə 7 lisenziya qazanılıb. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. Onun sözlərinə görə, “Tokio 2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın 7 idman növü üzrə 32 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır.
Komitənin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rüfət Hacılı il ərzində beynəlxalq səviyyədə görülmüş işlər barəsində söz açıb. O, qeyd edib ki, 2019-cu il ərzində UNİCEF ilə bir sıra birgə layihələr həyata keçirilib. Bundan əlavə, İtaliya Görmə Məhdudiyyətli İdmançıları Federasiyası, BP Azərbaycan şirkəti, Avropa İttifaqı, Böyük Britaniya Səfirliyi, Yaponiya Səfirliyi, Almaniya səfirliyiBelçika səfirliyi və Türk İşbirliyi və Koodinasiya Agentliyi ilə əməkdaşlıqlar qurulub. Bundan əlavə Amerika-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlığa başlanılıb.
R.Hacılı Beynəlxalq Paralimpiya KOmitəsinin 30 illiyinə həsr olunmuş Baş Assambleyada MPK-nın da iştirakını vurğulayıb.
Daha sonra əlil idmançılara dəstək ictimai birliyinin sədri Qoşqar Əsgərov il ərzində ölkəmizdə müyəssərliyin təmin edilməsi istiqamətində görülən işlər barədə söz açıb. O, bildirib ki, Bakı şəhərində müyəssərliyin təmin edilməsi üçün ekspertlərin hazırlanıb. Bu ekspertlər beynəlxalq səviyyədə sertifikatlaşmış qurumlardan dərs alıblar. Bunun sayəsində binalarda müyəssərliyin təmin edilməsi istiqamətində təkliflər müxtəlif təşkilatlara hazırlanaraq təqdim edilib.
Komitənin Maliyyə və Təsərrüfat şöbəsinin aparıcı mütəxəssisi Leyli Yusifli qeyd edib ki, növbəti ildən etibarən ölkəmizdə əlilliyi olan şəxslərin bacarıq yarışlarının keçirilməsi istiqamətində işlər həyata keçiriləcək: ““Fiziki məhdudiyyətli şəxslərin bacarıq yarışları beynəlxalq səviyyədə “Abilinpiks” olaraq tanınır. Bu istiqamətdə mütəmadi olaraq yarışlar keçirilir. Növbəti Abilimpiks yarışları Moskva şəhərində baş tutacaq. Azərbaycan da bu ildən etibarən Abilimpiks hərəkatına qoşulmağı planlaşdırır”.
Komitənin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev öz çıxışında komitənin 2020-ci ildə həyata keçirəcəyi işlər barədə söz açıb. Onun sözlərinə görə, 2020-ci ilin ən yadda qalan hissəsi “Tokio 2020” olacaq: “Bundan əlavə, növbəti ildə VI Uşaq Paralimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdən fərqli olaraq 2020-ci ildə Uşaq Paralimpiya Oyunlarının beynəlxalq müstəviyə çıxarılması nəzərdə tutulur. Bu istiqamətdə Rusiya, Moldova, Belarus, Birləşmil Ərəb Əmirlikləri, Gürcüstan və Türkiyə ilə danışıqlar aparılır”.
T.Hacıyevin sözlərinə görə, 2019-cu ildə komitə tərəfindən təşkil olunan ən əlamətdar tədbirlərdən biri Heydər Əliyev Fondu ilə birgə təşkil olunmuş Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş “Yenilməzlər” Beynəlxalq Qala Təqdimat olub. Prezident İlham Əliyevin bu tədbirin keçirilməsində göstərdiyi dəstək, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu tədbirdə şəxsən iştirakı “Yenilməzlər”in əhəmiyyətini daha da artırıb.
Tədbir zamanı güllə atıcılığı komandasının baş məşqçisi Əkbər Muradova ilin məşqçisi nominasiyası üzrə mükafata layiq görülüb. Pauerliftinq idman növü üzrə məşqçi Natiq Əliyev ilin regionlar üzrə ən yaxşı məşqçisi adını alıb.
İlin ən yaxşı idman federasiyası adına Boccia İdman Federasiyası layiq görülüb. Federasiyanın baş katibi İlham Məhərrəmova mükafat təqdim olunub.
Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Maliyyə Nazirliyi, “Unibank”, BP, TOYOTA, Azərbaycan Dağ Xizəyi Federasiyası, “Pasha Travel” şirkəti, Bakı Nəqliyyat Agentliyi, “Interlux Travel” şirkəti, AZERCELL, “Bakcell” şirkəti və Amerika Azərbaycan Ticarət Palatasına əməkdaşlığa görə mükafatlar təqdim olunub.