İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında 99 medal qazanan Azərbaycan idmançılarının çıxışını necə dəyərləndirirsiniz?
- Azərbaycan idmançılarının çıxışına ən yüksək qiyməti dövlət başçımız verdi. Nəticə əldə edən idmançılarımızla rəsmi görüş zamanı Prezident İlham Əliyev bildirdi ki, Oyunlarda dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Həqiqətən də ən güclü idmançıların iştirak etdiyi yarışlarda 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc olmaqla, 99 medalın qazanılması böyük uğurdur. İdmançılarımız bütün yarışlarda çox böyük fəallıq nümayiş etdirdilər, ölkəmizi ləyaqətlə təmsil edərək, bayrağımızı yüksəklərə qaldırdılar. Uğurlarımızın bundan sonra da davam etməsini arzulayıram. Yay Olimpiya Oyunlarında da idmançılarımızdan böyük qələbələr gözləyirik.
- İslamiadanın təşkilatçılığı ilə bağlı da fikirlərinizi bilmək maraqlı olardı...
- 56 ölkədən 4200 idmançı Türkiyənin Konya şəhərində bir araya gəldi. Yarışlarda bütün idmançılar yüksək performans sərgilədilər. Maraqlı bir açılış və bağlanış törənləri, yarışlar izlədik. Əsl idman bayramı qeyd etdik. Bilirsiniz ki, İslamiada idman yarışı olmaqla bərabər, həm də müsəlman dünyasında həmrəyliyə töhfə məqsədilə təşkil olunur. Bu baxımdan, Konyanın seçilməsi təsadüfi deyildi. Konya şəhəri İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Yarışlara ev sahibliyi etməklə Konya tolerantlıq və qardaşlıq şəhəri kimi qonaqpərvərliyini bütün dünyaya təqdim etdi, İslam dünyasından idman vasitəsilə həmrəylik, qardaşlıq mesajı ünvanladı.
- Konyadakı yarış 2017-ci ildə Bakıda təşkil olunmuş Oyunlardan nə ilə fərqlənirdi: İki İslamiadanı müqayisə etsək, ortaya hansı fərqlər çıxar?
- Beynəlxalq eskspertlərin, iştirakçıların rəylərinə istinad edərək, deyə bilərəm ki, Azərbaycanın bu vaxta qədər təşkil etdiyi bütün beynəlxalq tədbirlər bir nömrə olub. 5 il əvvəl - 2017-ci il də İslam Həmrəylik Oyunlarına ev sahibliyini də ən yüksək səviyyədə icra etdik. Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. İdmançılarımızla görüş zamanı dövlət başçımızın da qeyd etdiyi kimi, belə tədbirlər böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Biz 2017-ci ildə Oyunlara hazırlaşarkən, bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə Oyunları bu səviyyədə keçirə bilməz. Biz eyni nümunəni IV İslam Həmrəyliyi Oyunlarından 2 il əvvəl keçirilən İlk Avropa Oyunlarında da sərgilədik. Yəni, Azərbaycanın təçkilatçılığı hər zaman yüksək səviyyədə olub və belə də qiymətləndirilib.
- İslamiadada bəzi idman növləri var ki, elə də baxımlı deyil. Halbuki, onların əvəzinə avarçəkmə və bu kimi digər maraqlı idman növlərini proqrama salmaq olar. Ümumiyyətlə, niyə İslam Həmrəyliyi Oyunlarının vahid proqramı yoxdur?
- Atletika, üzgüçülük, qılıncoynatma, stolüstü tennis, gimnastika, ağırlıqqaldırma, taekvondo, cüdo, kamandan oxatma, karate, futbol, basketbol, həndbol və voleybol daxil olmaqla, ümumilikdə 12 idman növü Oyunların proqramına mütləq daxil edilməlidir. Bu idman növləri bütün Oyunlarda dəyişməz qalır, lakin digər növlər dəyişə bilər. İdman növlərinin sayı isə ev sahibliyi edən ölkə ilə Oyunlar üçün yaradılmış İHİF Nəzarət və Koordinasiya Komissiyasının birgə fəaliyyəti nəticəsində müəyyən edilir və İHİF-in İcraiyyə Komitəsində təsdiqlənir. Bu zaman bir sıra məqamlar nəzərə alınır.
- İslamiada üçün ölkə seçimi zamanı infrastruktur nəzərə alınırmı? Məsələn, niyə Konyadakı Oyunlarda güləş və cüdo yarışları kiçik, şəraiti olmayan zallarda keçirildi?
- Konya ilk dəfə idi ki, əhatə dairəsi bu qədər geniş olan tədbirə ev sahibliyi edirdi. Yəni, ilk təcrübə idi. Bu vaxta qədər burada bu miqyasda idman tədbiri keçirilməmişdi. Oyunlara qədər mən bir neçə dəfə İƏT İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü kimi hazırlıq prosesilə tanışlıq məqsədilə Konyaya səfər etmişəm. İnfrastruktur tamamilə yenidən quruldu. Türkiyə rəsmiləri də qeyd edir ki, İslam Oyunları böyük tədbirlərə ev sahibliyi etmək üçün bir məkan kimi Konyanın profilini yüksəltməyə kömək edəcək. Əsas məsələlərdən biri də İslam həmrəyliyinə töhfə verməkdir. Hesab edirəm ki, qardaş ölkə bunu bacardı.
- Növbəti İslamiadanın Kamerunda keçirilməsi planlaşdırılırdı. Lakin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də dediyi kimi, bu ölkədə idman infrastrukturunun arzuolunan vəziyyətdə olmaması Kamerunun yarışa ev sahibliyi etməsini çətinləşdirir. Bununla bağlı məsələ nə yerdədir?
- Bəli, Çingiz müəllim həm də Kamerun-2025 VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komissiyasının sədridir. Çingiz müəllim bu ölkədə səfərdə olub və oradakı vəziyyətlə tanışdır. Kamerunun ev sahibliyi məsələsi İHİF-in Baş Məclisinin iclasında müzakirə olunacaq. Müzakirələrin nəticəsinə uyğun qərar veriləcək.
- Niyə İslam Həmrəyliyi Oyunlarını təşkil etmək Orta Asiya ölkələrindən birinə tapşırılmır?
- Ümumiyyətlə, Oyunları təşkil etmək tapşırıqla baş vermir. İHİF-in İslam Həmrəyliyi Oyunlarını təşkil etməklə bağlı xüsusi qaydaları və şərtləri mövcuddur. Həmin qaydaları nəzərə alaraq ölkələr özləri öz namizədliklərini irəli sürməlidirlər. Namizədliklər irəli sürüldükdən sonra İHİF-in İcraiyyə Komitəsi bu məsələni müzakirə edir, daha sonra müvəqqəti yaradılmış Nəzarət və Koordinasiya Komissiyasının namizəd ölkələrə səfərləri baş tutur. Bundan sonra, Nəzarət və Koordinasiya Komissiyası İcraiyyə Komitəsinə məruzəsini təqdim edir. İcraiyyə Komitəsinin məruzəsi və MOK-ların dəstəyi olarsa, həmin ölkəyə ev sahibliyi hüququ verilir.
- Hazırkı durum növbəti İslamiadanın keçirilməsini şübhə altına sala bilərmi?
- İndidən nə isə söyləmək tezdir. Əminəm ki, Oyunları keçirmək istəyində olan ölkələrin sayı heç də az deyil. Oktyabrda İHİF-in Baş Assambleyasının toplantısının, eləcə də İcraiyyə Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Qeyd etdiyim toplantılarda bu mövzunun və bir sıra aidiyyəti məsələlərin də müzakirəsi nəzərdə tutulub.