
Bakının "İnter" klubunun prezidenti Georgi Nikolov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Nikolov Sportnet.az-a açıqlamasında Moldova "Tiraspol"unu yaxşı tanımadıqlarını bildirib.
O, rəqib haqda elə indidən informasiya toplamağa başlayacaqlarını söyləyib. Nikolov Azərbaycan təmsilçilərinin indiyədək Moldova klubları ilə oyunlarda uğursuzluğla üzləşməsindən xəbərdar olduğunu və bu xoşagəlməz ənənəyə son qoyacaqlarını vurğulayıb: "Qurddan qorxan meşəyə getməz. Hər halda oyunlara tam konsentrasiya ilə çıxmalıyıq. Ümumilikdə Moldovanın klub futbolu haqda danışsaq, yalnız "Şerif"i qeyd edə bilərəm. Digər komandalar isə say düzəldirlər. Bilirəm ki, Azərbaycan klubları Moldova təmsilçilərinə qarşı uğursuz çıxış edirlər. Amma biz bu ənənəyə son qoyacağıq".
Qeyd edək ki, "İnter" "Tiraspol"la ilk oyunu iyulun 3-də səfərdə, cavab görüşünü isə iyulun 10-da evdə keçirəcək.