
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində mübarizə aparacağı qrupla bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Abdullayev millimizin maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını bildirib.
O, fikirlərini belə əsaslandırıb: "San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveçlə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm".
AFFA prezidenti ümidvar olduğunu bildirib ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək.






































































