Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək "Seltik” - "Qarabağ” oyunu canlı yayımlanmayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "qol.az"a "Qarabağ”ın direktoru Əmrah Çəlikəl məlumat verib.
O qeyd edib ki, bir gün əvvəl matçın Azərbaycan dövlət televiziyasında yayımı ilə bağlı tərəflər arasında ilkin razılıq əldə olunub. Bu gün isə "Seltik” tərəfi matçın ümumiyyətlə, yayımlanmayacağı qərarını verib.
"Qarabağ” və AzTV-dən asılı olmayan səbəblərə görə, oyun canlı yayımlanmayacaq. "Seltik” klubu azarkeşlərinin stadiona gəlişini təmin etmək üçün oyunun heç bir kanalda yayımlanmaması haqda qərar verib” – deyə Ə.Çəlikəl bildirib.
"İdman Azərbaycan"ın rəsmi saytı vasitəsilə yayılan bəyanatda isə deyilir: "Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib. "Seltik" səbəb kimi çox gülünc məntiqə əsaslanıb. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq İdman Azərbaycan kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə "Seltik" tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir".
Telekanal rəhbərliyi bəyan edib ki, yayımın baş tutmamasına görə, bütün məsuliyyət "Seltik"in üzərinə düşür.