FİFA prezidenti postuna əsas namizəd olan Mişel Platini dünya çempionatının final mərhələlərində iştirakçıların sayını 32 ölkədən 40-a çatdırmaq istəyir. Sportnet.az-ın "AS" nəşrinə istinadən verdiyi məlumata görə, fransalı funksioner daha öncə Avropa çempionatı üçün də eyni addımı atıb.
O, 2016-cı ildə Fransada keçiriləcək çempionatda komanda sayını 16-dan 24-ə qaldırıb.
Platininin daha bir yeniliyi ağ vərəqənin tətbiqi ilə bağlıdır. Bu, meydandan 10 dəqiqəlik qovulmanı nəzərdə tutur. Nəhayət, UEFA prezidenti 18 yaşdan aşağı futbolçuların transferini qadağan etmək istəyir.
Qeyd edək ki, Mişel Platini FİFA prezidenti postuna namizədliyini ötən həftə rəsmən açıqlayıb. Seçki 26 fevral 2016-cı ildə Sürixdə keçiriləcək. Ali futbol qurumun hazırkı prezidenti Yozef Blatter mayın 29-da 5-ci müddətə bu vəzifəyə seçilsə də, bir neçə gün sonra postundan getdiyini açıqlayıb.