
"Belə oyunu uduzmamalı idik. Amma təəssüflər olsun ki, futbolda belə şeylər olur". Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Nazim Süleymanov AVRO-2016-nın seçmə qrup mərhələsində Türkiyəyə 0:1 hesabı ilə uduzduqları II turun görüşündən sonra deyib.
50 yaşlı mütəxəssis futbolçuların tapşırıqları yerinə yetirmədiklərini bildirib: "Fasilədə uşaqlara dedim ki, diqqətli olaq, qol buraxa bilərik, vərəqə ala bilərik. Biz deyiriksə, futbolun dili ötürmədirsə, lazımdır ki, bir-iki nəfəri aldadasan? Meydançanı görən zaman oyun başqa olur. Ukrayna ilə oyuna nəzərən bu dəfə daha fərqli oynadıq".
Süleymanov komandadakı intizamsızlıqdan da söz açıb: "Komandanın intizamsızlığı məni narahat edir. Mütləq komanda ilə söhbət edəcəyəm. Futbolçu meydanda məşqçilik, hakimlik etməməlidir. Mən futbolçuyamsa, 90 dəqiqə oynamalıyam. 90+3-də də qol vurub elit raunda vəsiqə qazanma şansı əldə edə bilərdik. İntizamsızlıq məğlubiyyətdən irəli gəlir. Futbolçu özünü və klubunu təmsil edir. Biz milli komandayıq. Biz "Bunlar sabahın ulduzlarıdır" deyiriksə, onda axırı necə olacaq? Belə getsə, əksər futbolçular ulduz olmayacaq, onlardan böyük futbolçu olmayacaq".
Qeyd edək ki, Türkiyə ilə matçda ilk yarının sonlarında millimiz qol vurmaq üçün yaxşı imkan əldə edib. Referi Türkiyə yığmasının futbolçusunu qovaraq, penalti təyin edib. Lakin Roman Hüseynovun zərbəsini "ay-ulduzlular"ın qapıçısı qaytarıb. Azlıqda olmasına baxmayaraq, qonaqlar fasilədən sonra qələbə topunu vurublar. Matçın uzatma dəqiqələrində isə Elnur Cəfərov rəqib futbolçu ilə toqquşma səbəbindən ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, millimiz bu dəfə də məğlubiyyətlə üzləşərək, xalsız qalıb.