
"Uşaqlar bu gün nəyə qadir olduqlarını göstərdilər.  Komandamız xarakter nümayiş etdirdi”. Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra  deyib.
Təcrübəli mütəxəssis bildirib ki, qeydə alınan hesab millinin futbol oynaya bildiyini göstərir: "Futbolçularımız hər oyunda xarakter göstərsələr, nəticə qazanmaq mümkündür. Əsas odur ki, özlərinə inansınlar. Biz Almaniya ilə oyunda da bugünki sistemdən istifadə etdik və pis alınmadı”.
"Sizcə Rusiya millisi bu gün zəif oynadı, yoxsa yığmamız güclü idi?” sualını isə Y.Vahabzadə belə cavablandırıb: "Bu sualı mən də sizə vermək istərdim (gülür). Dediyim kimi, bu gün komandamız xarakter nümayiş etdirdi. Ruslardan daha yaxşı oynadıq və onlardan üstün olduq”.









                 





    
    
    
    
    
    
    
    
    


























































